Çörəyin qiyməti yenidən bahalaşa bilərmi? | Banco.az

Çörəyin qiyməti yenidən bahalaşa bilərmi?

Şəbnəm Mehdizadə, Banco.az

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 262 milyon 66 min ABŞ dolları dəyərində 744 min 200 ton buğda idxal edilib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 44%, həcmi isə 7,9% artıb.

Maraqlıdır, bunun əsas səbəbi nədir? Çörəyin qiyməti yenidən bahalaşa bilərmi?

Mövzu ilə bağlı Banco.az-a danışan iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, Rusiya-Ukrayna müharibəsindən sonra taxılın qiymətində ciddi artım müşahidə olunur:

“Rusiyanın alternativ mənbələrdən gəlirləri azaldıqca əlində olan bütün məhsullara, o cümlədən də taxıla tətbiq olunan aksiz və digər vergilərin məbləğini artırır. Bu isə Azərbaycana idxal olunan taxılın baha başa gəlməsinə səbəb olur. Bahalaşmanın əsas səbəblərindən biri budur. Digər tərəfdən ola bilsin ki, növbəti aylar üzrə bu göstərici nisbətən dəyişə bilər. Çünki Azərbaycanın idxal bazarlarında mövsüm dövrüdür. Mövsüm dövründə qiymətlər aşağı düşür. Bununla əlaqədar olaraq dünya bazarında da qiymətlər dəyişə bilir. Son üç ay ərzində bir ton buğdanın qiyməti 440 ton dollardan 340 dollara qədər ucuzlaşıb. Eyni zamanda Qazaxıstan taxıl ixracına tətbiq etdiyi məhdudiyyəti aradan qaldırıb. Xüsusilə Ukrayna taxılının Qara dəniz üzərindən dünya bazarlarına çıxarılması bu sahədə nisbətən daha aktiv gələcək vəd edir. Azərbaycan daha əlverişli bazarlar tapmaq imkanına da malikdir. Yəni optimal qiymətə taxıl alaraq ölkəyə gətirmək olar”.

Ekspertin fikrincə, çörəyin hazırki qiyməti buğdanın indiyə qədər artan qiymətlərini özündə əks etdirir:

“Çörəyin qiyməti hazırda stabildir. Hətta bir neçə həftə sonra çörəyin qiymətinin ucuzlaşma ehtimalı da var. Lakin taxılın qiyməti bahalaşarsa bu çörəyin qiymətində də əks olunacaq. Hökumətin həssas yanaşdığı məsələlərdən biri də çörəyin qiymətidir. Ona görə də kəskin bahalaşma ehtimalı yoxdur”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram