Müəllif:Gülbəniz Hüseynli/Banco.az
“COP29 tədbiri ölkəmizin yaşıl gündəm siyasətinə mühüm bir təkan verəcək. Belə böyük bir beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi, ölkə rəhbərliyinin “yaşıl gündəm” və “yaşıl iqtisadiyyat”la bağlı davam edən səyləri, bu sahənin inkişafına müsbət təsir göstərəcək”.
Bunu iqtisadçı-analitik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, professor Elşad Məmmədov Banco.az-a açıqlamasında deyib. İqtisadçı vurğulayıb ki, yaşıl iqtisadiyyat və bu sahədə transformasiya qlobal miqyasda əmək bazarına əhəmiyyətli təsir göstərir:
“Bu iqtisadiyyatın inkişafına, siyasi müstəviyə təsirləri danılmaz olsa da, təəssüf ki hər zaman elmi baxımdan əsaslandırılmış sosial iqtisadi inkişafın gündəminə uyğun gəlmir və müsbət istiqamətə yönəlmir.
Biz müşahidə edirik ki, xüsusilə Kollektiv Qərbə aid olan ölkələrdə bu məsələ dünya miqyasında öz iqtisadi və siyasi maraqlarını irəli sürmək üçün bir alət kimi istifadə olunur.
Azərbaycan isə bu məsələyə daha konstruktiv və elmi baxımdan əsaslandırılmış bir yanaşma tərəfdarıdır”.
İqtisadçı qeyd edib ki, Azərbaycan ətraf mühitin qorunmasını prioritet olaraq qəbul etsə də, ənənəvi iqtisadi rəqabət üstünlüklərindən imtina etmək niyyətində deyil:
“Biz ətraf mühitin qorunması ilə bağlı elmi əsaslara söykənən yanaşmaların formalaşdırılmasını dəstəkləyirik.
Ətraf mühitin qorunması kiminsə biznes və siyasi maraqları üçün deyil, ekologiya, ətraf mühit və insan sağlamlığını qorumaq məqsədilə həyata keçirilməlidir.
“Bu, olduqca vacibdir, çünki qlobal istiləşmə mövzusunda Qərbdə səsləndirilən bəzi fikirlərdə bu məsələnin yalnız insan fəaliyyəti, istehsal artımı və karbon emissiyası ilə əlaqəli olduğunu iddia edir. Lakin bu yanaşma elmi baxımdan kifayət qədər əsaslı deyil.
Nəticədə, bu mövzu altında bir çox ölkə və bölgənin iqtisadi imkanlarının məhdudlaşdırılmasına yönəlik siyasətlərin tətbiqinə yol açır.
Düşünürəm bu yanaşmanı deyil, ətraf mühitin real şəkildə qorunması yanaşmasını dəstəkləməliyik. Ümumiyyətlə, yaşıl enerji sahəsində Azərbaycan tərəfindən irəli sürülən təşəbbüslər COP29 formatında öz əksini tapdıqca həm ölkəmiz, həm bölgəmiz, həm də qlobal miqyasda müsbət təsirlər göstərə bilər”.