COP29-un ölkəmizdə keçirilməsinin hansı üstünlükləri var? | Banco.az

COP29-un ölkəmizdə keçirilməsinin hansı üstünlükləri var?

Müəllif:Mehin Qasımova/Banco.az

Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir. 100 minə yaxın nümayəndəni bir araya gətirən COP28  yekunlaşdı.

Azərbaycan daha bir tədbiri uğurla başa vurdu. Belə ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 gələn il ölkəmizdə keçiriləcək. Bununla bağlı qərar  plenar iclasında verilib. Cənubi Qafqazda ilk  iqlim samiti məhz Azərbaycanda baş tutacaq. 

Bəs COP29-un ölkəmizdə keçirilməsinin hansı üstünlükləri var? 

Bu barədə Banco.az –a danışan iqtisadçı Pühan Musayev bildirdi ki, danılmaz faktdır ki, dünya istiləşən planetin görünməmiş təsirləri ilə üz-üzədir:

“Son illər rekord qıran meşə yanğınları, fəlakətli daşqınlar və dözülməz istilik dalğaları bunun azsaylı ilkin elementlərindəndir. Bu baxımdan iqlim tədbirləri reklam şüarı yox, artıq günümüzün ekzistensial reallığıdır. Problemin həlli yollarından biri isə aydın məsələdir ki, qlobal istiləşməni məhdudlaşdırmaq üçün açar rolu oynayan bərpa olunan enerjiyə keçidi təşviq etməkdir. Bunun üçün layihələr içərisində BMT-nin hər il fərqli ölkədə keçirilən İqlim Dəyişikliyi Konfransı da mühüm əhəmiyyət kəsb edir. “Tərəflərin Konfransı” (Conference of the Parties) mənasını verən COP-un iştirikaçıları  məhz 1992-ci ildə BMT-nin iqlim sazişini imzalamış ölkələrdir”.

Ekspertin sözlərinə görə, qarşıdakı COP29-un Ukrayna müharibəsi fonunda ərzaq və enerji təchizatındakı gərginliyin davam etdiyi vəziyyətdə baş tutması gözlənilir:

"Ev sahibi olacaq ölkəmiz isə bu fürsəti Asiyaya açılan qapı və qitədə artan izi olan strateji oyunçu kimi öz traektoriyasını kontinental mərhələdən qlobal müstəviyə genişləndirmək və neft-qaz ölkəsi olmasına baxmayaraq, enerji mənbələrini daha çox külək və günəş enerjisi istiqamətində şaxələndirmək cəhətdən maksimum dəyərləndirməyə qərarlıdır. Belə strategiya ölkə iqtisadiyyatı və xüsusilə ixracını şaxələndirməkdən əlavə, investisiya, məşğulluq, biznes imkanları ilə həm də azad olunan ərazilərdə bərpa prosesinin intensivləşməsinə də ciddi töhfələr vermək iqtidarındadır”.

Ən sərfəli kredit üçün müraciət et

Banco.az-a danışan iqtisadçı Pərviz Heydərov qeyd etdi ki, sənaye inkişaf etdikcə, dünya ölkələrinin iqtisadiyyatı texnoloji cəhətdən irəlilədikcə atmosferə atılan tullantıların miqyasının genişlənməsi ilə müşahidə olunur və bu da iqlim dəyişikliklərinə gətirib çıxarır:

"Hər il  temperaturun artması nəticəsində Yer kürəsində çox böyük fəsadlar  meydana çıxır. Bu, dolayısı yolla  qlobal iqtisadiyyat üçün çox böyük təhlükələr yaradır, faciələr ortaya çıxarır. Bu baxımdan dünya ölkələri öz səylərini birləşdirərək bəşəriyyəti təhlükələrdən  xilas etməyə çalışırlar. Məhz COP29 -un  növbəti ildə Azərbaycanda keçiriləcəyi ölkəmizin nüfuzundan irəli gələn bir hadisədir. Ölkəmiz belə layihələrə ev sahibliyi edərək  böyük mənfəətlər, səmərələr əldə ediləcəkdi. Ölkəmiz bir daha qlobal miqyasda diqqət mərkəzinə gəlmiş olacaqdır. Ona görə də mühüm beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bilirsiniz ki, Azərbaycan indiyədək bir çox bu cür  konfransların, forumların keçirildiyi məkana çevrilib. COP29 -un ölkəmizdə keçirilməsi beynəlxalq arenada  böyük bir mövqeyə sahib olduğunun əyani göstəricisi olacaqdır. Ölkəmiz həm iqtisadi ,həm ticari, həm ekoloji, həm siyasi baxımdan böyük dividentlər əldə edəcəkdir. Ona görə COP29-un  növbəti ildə Azərbaycanda keçiriləcəyini yüksək qiymətləndirirəm. İnanıram ki, adımıza layiq ev sahibliyi edəcəyik”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et