Müəllif - Eldar Kərimov/Banco.az
Almaniyanın Continental AG avtomobil texnologiyaları bölməsi xərcləri azaltmaq məqsədilə qlobal elmi-tədqiqat və inkişaf (R&D) mərkəzlərini optimallaşdırır.
Şirkətin rəsmi açıqlamasına görə, bu proses 2026-cı ilin sonuna qədər R&D sahəsində çalışan təxminən 3000 nəfərin iş yerinin ixtisar olunmasına səbəb olacaq. İxtisarların yarıdan az hissəsi Almaniyanı əhatə edəcək.
2024-cü il dekabrın 31-nə olan məlumata görə, Continental-in avtomobil texnologiyaları bölməsində təxminən 92 min nəfər çalışırdı, onlardan 31 mini R&D sahəsində işləyirdi. Bu isə ixtisarların həmin sahədə təxminən 10% işçiyə təsir edəcəyini göstərir.
Continental-in məqsədi 2027-ci ilə qədər avtomobil seqmentində R&D xərclərini şirkətin gəlirinin 10%-dən aşağı salmaqdır.
"Bu tədbirlər zəruridir və qismən mürəkkəb və dinamik bazar mühiti ilə əlaqədardır, çünki sənaye gələcəyin texnologiyalarına doğru ciddi transformasiya yaşayır", - deyə şirkətin açıqlamasında bildirilir.
Ötən ilin dekabr ayında Continental avtomobil texnologiyaları bölməsini 2025-ci ilin sonuna qədər ayrıca şirkətə çevirmək niyyətini açıqlamışdı. Bu bölmə passiv təhlükəsizlik sistemləri, əyləc, şassi, hərəkət idarəetmə sistemləri, audio və video həllər, informasiya və kommunikasiya texnologiyalarının inkişafını əhatə edir.