Müəllif: Tamara Mustafayeva, Banco.az
Çinin avtomobil ixracatında güclü artım qeydə alınıb.
Banco.az xəbər verir ki, Çində avtomobil satışlarında ilin əvvəlindən müşahidə olunan azalma davam edərkən, avtomobil ixracındakı güclü artım diqqət çəkib.
“China Association of Automobile Manufacturers”in (CAAM) məlumatlarına görə, ölkədə avtomobil satışları aprel ayında ötən ilin eyni dövrü ilə müqayisədə 21,6 faiz azalaraq 1 milyon 625 min ədədə enib.
Benzin mühərrikli avtomobillərin satışı illik müqayisədə 32,2 faiz azalaraq 710 minə düşüb. Elektrikli avtomobil satışları isə 10,8 faiz geriləyərək 914 min səviyyəsində qeydə alınıb.
Eyni dövrdə avtomobil ixracı 74,4 faiz artaraq 901 minə yüksəlib. İxracdakı güclü artım daxili bazardakı satış azalmasını tarazlaşdıran əsas amillərdən biri olub.
İxrac da daxil olmaqla ümumi avtomobil satışları 2 milyon 526 minə çatıb, lakin illik müqayisədə 2,5 faiz azalma qeydə alınıb.
Çində avtomobil satışları ilin ilk dörd ayında ötən ilin eyni dövrü ilə müqayisədə 20,6 faiz azalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
