Çin yuanı dollara qarşı kəskin ucuzlaşıb | Banco.az

Çin yuanı dollara qarşı kəskin ucuzlaşıb

Çin yuanı bu il dollar qarşısında 9% dəyərdən düşüb.

Çin yuanı son dörd ildə ən aşağı səviyyəyə enib.

Banco.az "ANSPRESS"ə istinadən məlumat verir ki,  Çinin milli valyutasının enməsinə səbəb mərkəzi bankın pul vahidinin yalnız dollar əsasında ölçülməməsi ilə bağlı açıqlamasından sonra baş verib. Bu açıqlamadan sonra yuanın məzənnəsində enmə qeydə alınır.

Çin Mərkəz Bankı açıqlamasında məzənnələrin bir çox ölkə ilə xarici ticarət və investisiyaların bir təzahürü olduğunu qeyd edib. Banklararası əməliyyatları keçirmək üçün Çin Mərkəz Bankı Çin Valyuta Ticarət Sistemini - 13 pul vahidindən ibarət yeni bir yuan indeksini hazırlayıb və dollar bu səbətdə 26.4 faiz çəkiyə malikdir.

Yuan dollar qarşısında 0.05 faiz azalma ilə, 6.4585 səviyyəsinə enib. Çin valyutası erkən saatlarda 6.4665 səviyyəsinə enərək iyul 2011-dən bu yana ən aşağı səviyyəsini görüb. Çin yuanı bu il dollar qarşısında 9% dəyərdən düşüb.

Bir müddət öncə Beynəlxalq Valyuta Fondu Çin yuanını ehtiyat valyutalar səbətinə daxil edib. Bu barədə qurumun rəhbəri Kristin Laqard məlumat verib. O, deyib ki, yuanı ehtiyat valyutalar səbətinə daxil etmək barədə qərar Çin iqtisadiyyatının qlobal maliyyə sisteminə inteqrasiyasında mühüm mərhələdir. Bu həm də son illər Çin hakimiyyət orqanlarının ölkənin valyuta və maliyyə sisteminin dəyişdirilməsində nail olduğu yüksəlişin tanınmasıdır.

Bu barədə qərar 2016-cı il oktyabrın 1-də qüvvəyə minəcək. 2010-cu ildə ehtiyat valyutalar səbətinə baxılan zaman BVF Çin yuanını bu siyahıya salmaqdan imtina edib. Təşkilat bunu Çin valyutasının həmin vaxt sərbəst istifadəyə dair tələblərə cavab verməməsi ilə əlaqələndirmişdi.

İqtisadiyyatına görə ABŞ-dan sonra dünyada ikinci yerdə olan Çin Xalq Respublikası hələ keçən il BVF-yə ölkənin milli valyutasına ehtiyat statusu vermək barədə müraciət edib.

Hazırda ehtiyat valyutalara dollar, avro, funt sterlinq və yapon yeni daxildir. Səbətdə dolların çəkisi 41,73, avronunku 30,93, yeninki 8,33, funt sterlinqinki 8,09, yuanınkı isə 10,92 faiz olacaq. Yuan hesablama valyutası kimi 2010-cu ildə 35-ci, 2015-ci ildə isə 5-ci yeri tutub. Asiya-Sakit okean regionunda isə yuan valyuta hesablamaları arasında ən geniş yayılıb.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et