Çin və ABŞ arasında ticarət dövriyyəsi 3,7% artıb | Banco.az

Çin və ABŞ arasında ticarət dövriyyəsi 3,7% artıb

Müəllif:Ayşən İmanova/Banco.az

Çin və ABŞ arasında ticarət dövriyyəsi 2024-cü ildə 3,7% artaraq 688,28 milyard dollar təşkil edib.

Banco.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi məlumat yayıb.

Bildirilib ki, ABŞ Çinin ən böyük ticarət tərəfdaşı olaraq qalır. Çinin ABŞ-yə ixracı ötən il 4,9% artaraq 524,66 milyard dollar olub. Eyni zamanda, ABŞ-dən Çinə tədarük 0,1% azalaraq 163,62 milyard dollar təşkil edib. İki ölkə arasında ticarətdə ciddi disbalans qalmaqdadır.

Son illərdə Çin-ABŞ münasibətləri daha da gərginləşib ki, bu da iki ölkənin ticarətinə təsir edib. 2022-ci ildə onların ticarət dövriyyəsi 0,6% artaraq 759,4 milyard dollara çatıb. 2023-cü ildə isə 11,6% azalaraq 664,45 milyard dollar təşkil edib.

Qeyd edək ki, Çin ABŞ-dən kənd təsərrüfatı məhsulları, mikroçiplər, mühəndis avadanlıqları, karbohidrogenlər və metallar idxal edir. ABŞ Çindən smartfonlar, kompüterlər, litium-ion batareyalar, plastik məmulatlar, məişət texnikası, ayaqqabılar, uşaq oyuncaqları və s. alır.