Müəllif:Mehin Qasımova,Banco.az
Dünyanın ən böyük polad istehsalçısı olan Çin bəzi polad məhsullarına ixrac məhdudiyyətləri tətbiq edəcəyini açıqlayıb.
Banco.az xəbər verir ki, bəyanatda ölkədə istehsal olunan təxminən 300 müxtəlif polad məhsulunun bu qaydadan təsirlənəcəyi bildirilsə də, tədbirlərin arxasındakı səbəblər barədə ətraflı məlumat verilməyib.
Nazirliyin açıqlamasında deyilir:
"Müəyyən polad məhsulları 1 yanvar 2026-cı il tarixindən etibarən ixrac lisenziyası ilə idarə olunan yüklərin siyahısına əlavə ediləcək".
Pekinin bu addımı, xüsusən də Avropada Çindən gələn ucuz polad və ölkənin artıq istehsal gücü ilə bağlı tənqidlərə cavab kimi qəbul edildi.
Avropa Birliyində (AB) Çin poladı rəqib məhsullardan xeyli ucuz olduğuna görə tənqid olunur, bunun qismən hökumət subsidiyaları səbəbindən olduğu və bu, Birliyin sənayesinə zərər verdiyi bildirilir.
ABŞ-ın tətbiq etdiyi yüksək tariflərə baxmayaraq, Çinin polad ixracı bu ilin yanvar-noyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz artaraq 107 milyon tondan çox olub.
