Çin alimləri Marsda yaşaya bilən yosunlar kəşf ediblər | Banco.az

Çin alimləri Marsda yaşaya bilən yosunlar kəşf ediblər

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin alimləri Marsda koloniyalara kömək edə biləcək superdavamlı səhra yosunu kəşf ediblər.

Banco.az xəbər verir ki, Çin Elmlər Akademiyasının araşdırmasına görə, elm adamları Çinin qərbindəki Sincan bölgəsində Marsda mümkün koloniyaların saxlanmasına kömək edə biləcək superdavamlı səhra yosunu növü müəyyən ediblər.

Akademiya ötən həftə "The Innovation" jurnalında dərc olunmuş tədqiqat məqaləsində bildirib ki, Marsda ətraf mühiti təqlid edən şərtlərə məruz qaldıqda, "Syntrichia Caninervis" adlı yosun həddindən artıq quruluğa, ultra aşağı temperatura və radiasiyaya tab gətirə bilir.

Araşdırmaçıların fikrincə, sözügedən yosun oksigen istehsalına, karbon yığılmasına və torpağın münbitliyinə töhfə verməklə ekosistemlərin yaradılması və saxlanması üçün baza təmin edə bilər. Yosunlar digər ali bitkilər və heyvanlar üçün vacib olan atmosfer, geoloji və ekoloji prosesləri istiqamətləndirməyə, eyni zamanda insanların uzunmüddətli məskunlaşmasına şərait yaradan yeni yaşayış mühitlərinin yaradılmasına kömək edə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Tədqiqat zamanı alimlər aşkar ediblər ki, hətta hüceyrələrindəki su tərkibinin 98 faizindən çoxunu itirdikdən sonra belə yosunlar nəmləndikdən sonra bir neçə saniyə ərzində fotosintetik və fizioloji fəaliyyətlərini bərpa edə bilirlər. Bitki həm də bütöv halda ultra aşağı temperatura tab gətirə bilir və dondurucuda mənfi 80 dərəcə Selsi temperaturunda beş il və ya maye azotda bir ay saxlandıqdan sonra bərpa oluna bilir.

Məlumat üçün qeyd edək ki, yosuna Sincan, Tibet, Kaliforniya səhraları, Yaxın Şərq və qütb bölgələrində rast gəlinir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et