Müəllif: Tamara Mustafayeva, Banco.az
Çin Aİ süd məhsullarına əlavə tariflər tətbiq edib.
Banco.az xəbər verir ki, Çin Avropa İttifaqından (Aİ) idxal olunan süd məhsullarına maksimum 42,7 faizədək müvəqqəti gömrük rüsumları tətbiq edəcək. Bu addım Aİ-nin elektrikli avtomobillərə tətbiq etdiyi gömrük tariflərinə cavab tədbiri kimi qiymətləndirilir.
Çərşənbə axşamı günündən qüvvəyə minəcək rüsumlar 21,9 faizlə 42,7 faiz arasında dəyişəcək. Şirkətlərin böyük əksəriyyəti isə 30 faizdən bir qədər aşağı dərəcə ilə rüsum ödəyəcək.
Bu tədbir şəkərsiz süd və qaymaq, eləcə də təzə və emal olunmuş pendirləri əhatə edir. Sözügedən məhsullar arasında Fransanın simvoluna çevrilmiş “Rokfor” və “Kamamber” pendirləri də yer alır.
“Çin Ticarət Nazirliyi” Aİ mənşəli süd məhsullarının subsidiya edildiyinə və bunun Çinli istehsalçılara zərər vurduğuna dair sübutlar əldə etdiyini açıqlayıb.
“Aİ Komissiyası” isə bu araşdırmanın “şübhəli iddialara və kifayət qədər olmayan sübutlara” əsaslandığını bildirərək, görülən tədbirləri “ədalətsiz və əsassız” adlandırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
