Müəllif:Mehin Qasımova,Banco.az
Çin hakimiyyəti ABŞ və İsrail şirkətlərinə məxsus bir sıra kibertəhlükəsizlik məhsullarının ölkə daxilində istifadəsini qadağan edib.
Banco.az xəbər verir ki, rəsmi qurumlar tərəfindən şirkətlərə göndərilən təlimatlara əsasən, Çin təşkilatları 2026-cı ilin birinci yarısına qədər Palo Alto Networks, Fortinet, Check Point Software Technologies və digər xarici istehsalçıların məhsullarından istifadə edib-etmədiklərini müəyyən etməli və həmin texnologiyaları yerli həllərlə əvəz etməlidirlər.
Sözügedən məhsulların istifadəsi həssas məlumatların xaricə ötürülməsi və müştərilər üçün əlavə təhlükəsizlik riskləri yarada bilər. Sənəddə ABŞ və İsrail şirkətlərinin kəşfiyyat orqanları ilə əlaqəli olduğu iddia edilsə də, bu barədə detallı sübutlar təqdim olunmayıb.
Qadağanın elanından sonra Çin kibertəhlükəsizlik sektorunda fəaliyyət göstərən bəzi şirkətlərin səhmləri kəskin bahalaşıb. Şençjendə NSFOCUS Technologies-in səhmləri 14,7%-ə, Şanxayda isə Qi An Xin Technology şirkətinin səhmləri 9,6%-ə qədər yüksəlib.
Qadağa siyahısına Recorded Future, CrowdStrike Holdings, Alphabet-in Mandiant bölməsi, Rapid7, SentinelOne, Claroty, Cato Networks, Imperva, CyberArk, Wiz, Broadcom-un VMware-i, McAfee və Orca Security kimi şirkətlər də daxildir. Şirkət nümayəndələrinin sözlərinə görə, Recorded Future, CrowdStrike, SentinelOne və Claroty artıq Çində məhsul satmır.
Qeyd edək ki, oxşar addımlar ABŞ hökuməti tərəfindən də atılıb. Vaşinqton təhlükəsizlik narahatlıqlarını əsas gətirərək bəzi Çin şirkətlərinin məhsullarının ABŞ dövlət qurumlarında istifadəsini məhdudlaşdırıb. Bu fonda Pekinlə Vaşinqton arasında texnologiya və kibertəhlükəsizlik sahəsində qarşıdurma daha da dərinləşir.
