Çin ABŞ-ın dövlət istiqrazları portfelini minimuma endirdi | Banco.az

Çin ABŞ-ın dövlət istiqrazları portfelini minimuma endirdi

Müəllif - Eldar Kərimov/Banco.az

 Çin 2024-cü ilin dekabr ayında ABŞ-ın dövlət istiqrazları (US Treasuries) portfelini 9,6 milyard dollar azaldaraq 759 milyard dollara endirib ki, bu da 2009-cu ildən bəri ən aşağı səviyyədir.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, ötən il ərzində Çin ABŞ-ın dövlət istiqrazlarına yatırımlarını ümumilikdə 57,3 milyard dollar azaldıb.

2022-ci ilin aprelindən etibarən Çinin ABŞ-ın dövlət istiqrazlarına yatırımı 1 trilyon dollardan aşağı qalır.

Buna baxmayaraq, Çin hələ də ABŞ-ın dövlət istiqrazlarının ikinci ən böyük sahibi olaraq qalır. Lider isə Yaponiya olaraq qalır, onun portfeli dekabrın sonunda 1,06 trilyon dollar təşkil edib. Yaponiya dekabr ayında 27,3 milyard dollar, il ərzində isə 55,5 milyard dollar azalma qeydə alıb.

Üçüncü yerdə Böyük Britaniya dayanır. Dekabr ayında onun ABŞ-ın dövlət istiqrazlarına yatırımı 44,1 milyard dollar azalsa da, il ərzində 34,2 milyard dollar artaraq 722,7 milyard dollar təşkil edib.

Ümumilikdə, xarici investorların ABŞ-ın dövlət istiqrazlarına yatırımı ötən il 573,7 milyard dollar artaraq dekabr ayının sonunda 8,51 trilyon dollara çatıb.