Çin ABŞ-dan idxal edilən 16 növ malı əlavə rüsumlardan azad edəcək | Banco.az

Çin ABŞ-dan idxal edilən 16 növ malı əlavə rüsumlardan azad edəcək

Çin ABŞ-dan idxal edilən və əlavə rüsumlardan azad ediləcək 16 növ malın siyahısını dərc edib.

Bu barədə Çin Dövlət Şurası yanında Tarif və Yığımlar Komitəsinin çərşənbə günü yaydığı bəyanatda deyilir.

Bu tədbir sentyabrın 17-dən qüvvəyə minəcək və bir il ərzində qüvvədə olacaq.

Komitənin açıqlamasında göstərilir ki, mallar iki qrupa bölünür. Birinci qrupa dəniz xərçəngi kürüsü, sürtkü yağları və vəsaitləri, mal-qaranın qidalanması üçün balıq unu, dərman preparatları, tibbi yüklü hissəciklərin xətti sürətləndiriciləri və digər mallar daxildir. "Onlara görə artıq ödənilmiş rüsumlar geri qaytarılacaq. Müvafiq idxalat müəssisələri siyahının dərc edildiyi gündən altı ay ərzində gömrük orqanlarına müraciət etməlidirlər", - deyə məlumatda bildirilir.

İkinci siyahıda bəzi növ sürtkü yağları, mal-qara zərdabı və izoparafin həllediciləri yer alır, lakin bunlara görə ödənilmiş rüsumlar geri qaytarılmayacaq.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Çin və ABŞ bir neçə aydır ticarət mübahisələrinin həlli üzrə müzakirələr aparır. Danışıqların son mərhələsi iyulun 30-31-də Şanxayda baş tutub. Ötən həftənin cümə axşamı Çinin Kommersiya Nazirliyi danışıqların növbəti mərhələsinin oktyabrın əvvəlində Vaşinqtonda keçiriləcəyini açıqlayıb.

Sentyabrın 1-də ABŞ Çindən idxal edilən 112 milyard dollarlıq mallara 15% həcmində əlavə rüsum tətbiq edib, yığımların ikinci hissəsi dekabrın 15-də qüvvəyə minəcək. Çin isə buna cavab olaraq ABŞ-dan idxal edilən 75 milyard dollarlıq məhsullara 10% həcmində əlavə rüsum tətbiq edib, idxala görə 5% əlavə rüsumlar isə dekabrın 15-də tətbiq ediləcək. Elə həmin gün Çin ABŞ avtomobillərinə (25%) və ehtiyat hissələrinə (5%) əlavə rüsumlar da təyin edəcək.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et