Cəlal Eynullayev: Yeni işə başlayanlar heç vaxt maaşı 1-ci kriteriya olaraq müəyyənləşdirməsinlər - MÜSAHİBƏ - FOTO | Banco.az

Cəlal Eynullayev: Yeni işə başlayanlar heç vaxt maaşı 1-ci kriteriya olaraq müəyyənləşdirməsinlər - MÜSAHİBƏ - FOTO

Diqqətinizə Azersun Holding İnsan Resurları - Azersun Akademiyasının departament rəhbəri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Cəlal Eynullayev ilə müsahibəni çatdırırıq.

- Cəlal bəy, lütfən karyera yolunuz, Azərsun-a qədər harda işləməyiniz barədə danışın. Yaxın 5 il üçün hansı planlar qurursunuz?

- Karyerama Türkiyədə təhsil aldığım illərdə konsaltinq şirkətində başlamışam, ardından 3 il Türkiyədə böyük otellərdə keyfiyyət meneceri olaraq işləmişəm. Azərbaycana qayıtdığım zaman özəl universitetlərin birində müəllim, təlim şirkətində direktor olaraq fəaliyyət göstərdikdən sonra Azərsunda işə başlamışam. Hal hazırda təlim, inkişaf və Performans idarə etmə proseslərini həyata keçirən Azərsun Akademiyasının department müdiriyəm. Hədəflərim arasında qurulmasına yeni başladığımız istedadların idarə edilməsi və karyera planlama proseslərini yüksək səviyyədə hazırlayaraq fəaliyyətə başlamaq, bununla yanaşı peşəkar kouç kimi özümü yetişdirmək vardır.

- Siz fəxr edə biləcəyiniz professional nailiyyətlər hansılardır?

- Şirkətimizdəki Performans idarə etmə sisteminin qurulmasında təməlindən inkişafına qədər rol almaq, həm öyrənmək həm də qürur duyduğumuz bir sistemin yaradılmasının parçası olmaq mənim üçün son dönəmdəki peşəkar bir nailiyyətdir.

- Azersun şirkəti haqda ətraflı danışa bilərsinizmi, şirkətdə cəmi neçə əməkdaş var?

Azərsun Holdinq əsasən qida məhsullarının istehsalı və satışını həyata keçirən şirkətlər qrupudur. İstehsalat, satış, mərkəz ofis, kənd təsərrüfatı, pərakəndə, finans, logistika kimi sektorlarda fəaliyyət göstərən şirkətlərimizdə ümumilikdə 10.000-ə yaxın personal çalışır.

- İnsan Resursları departament şirkətin korporativ mədəniyyətinə necə təsir edir?

Şirkətimiz fəaliyyət prinsipi olaraq qəbul etdiyimiz dəyərlərinə çox bağlıdır. Keyfiyyət, ədalət, zəhmət, məsuliyyət, inam bizim üçün vacib olan dəyərlərdən bəziləridir. Bütün əməkdaşlarımızın istər işdə, istərsə də cəmiyyət içində dəyərlərimizə uyğun davranması böyük əhəmiyyət daşıyır. İR-nin vəzifələrindən biri də bu dəyərlərə uyğun iş şəraitinin yaranmasına dəstək vermək, uyğun prosedural qayda-qanunları hazırlamaqla dəyərləri yaşatmaqdır. Əlbəttə ki, şirkətin dəyərlərini birbaşa müşahidə etmək çox da asan deyil. Amma mənə elə gəlir ki, son illərdə göstərdiyi yüksəliş və son günlərdəki tarixi uğuru ilə şirkətimizin nəzdində olan Qarabağ FK buna çox gözəl nümunədir. Uzun illər məşqçi və oyunçu heyətinə göstərilən etimad, uğursuzluqlarda da onlara inanmaq və dəstək vermək, komandanın çəkdiyi zəhmət və bu zəhmətin qarşılığında məsuliyyətli və ədalətli yanaşma xəyal edilən uğura nail olmağın ən təmələ səbəbləridir. Eyni yanaşma və dəyərlər holdinqin bütün strükturlarında, eləcə də İR də mövcuddur. Nümunə üçün onu deyə bilərəm ki, təyinat, mükafatlandırma, nizam-intizam kimi bir çox fərqli proseslərdə qərarların obyektiv verilməsi üçün müxtəlif departamentlərin rəhbərlərindən ibarət komissiyalarımız var və bu komissiyalar qərarların ədalətli və düzgün alınması üçün davamlı fəaliyyət göstərir.

- Şirkətinizdə əməkdaşlarin təlim sistemi nədən ibarətdir, əməkdaşlariniz üçün hansi treninglər keçirilir?

- Əməkdaşlarımızın inkişafına verilən əhəmiyyətin nəticəsi olaraq Azərsun Akademiyası yaradılmışdır. Hər il Akademiyanın təlimlərində 18-20 min adam/gün iştirakçı sayımız olur. Təlimlər həm mərkəzdə, həm də müəssisələrimizin özündə keçirilir. Əsas istiqamətlər texniki, idarəetmə, ixtisasartırma, əməyin təhlükəsizliyi, gigiyena, satış olmaqla hər il 100-dən çox fərqlil mövzuda təlimlər keçiririk. Təlimlərin böyük hissəsini daxili təlimçilərimiz keçirir. Bununla yanaşı yerli təlimçilər, Türkiyə, Rusiya, Almaniya, Fransa kimi ölkələrdən dəvət etdiyimiz mütəxəssislərin də təlimlərini təşkil edirik.

- Sizin IR rolunda sevimli maddələr hansilardir?

- İR olaraq insanların bugünkü və gələcəkdəki karyerasında pay sahibi olmaq, onları düzgün yönləndirmək, inkişaf etdirmək, layiqli olanların layiqli yerlərini tuta bilməsində vasitəçilik etmək və şərait yaratmaq bu işin ən çox sevdiyim yanlarıdır.

- Cəlal bəy, Sizin güclü xasiyyətinizə aid edilə biləcəyiniz əlamətlər hansılardır?

- Güclü yanlarım olaraq analitik düşünmə, empatiya, ünsiyyət, obyektivlik kimi xüsusiyyətlərimi göstərə bilərəm.

- İnsan Resurslarının rolunu 3 kəlmə ilə xarakterizə etməli olsaydınız, bunlar hansı sözlər olardı?

- Qətiyyətli, vizyoner, obyektiv.

- Mükəmməl İR Direktor hansı keyfiyyətlərə nail olmalidi? Onlardan hansi Sİzə daha çox çətin gəlirdi?

- Mükəmməl İR direktor personal heyəti və sahibkarlar arasındakı ideal balansı qura və qoruya bilməlidir. Hamının gördüyü işin qarşılığında haqq etdiyini ala bilməsi, bunu edərkən də şirkətin mənfəətlərini düşünmənin əhəmiyyətini dərk etməlidir. Şirkət çox qazanıb işçiyə az maaş verərsə bu uzun müddət davam edə bilməz və personalın zəif motivasiyası işlərin də zəifləməsinə gətirib çıxarar. Tam tərsi əgər şirkət yetəri qədər gəlir əldə etmədiyi halda işçilərin maaşları artırılarsa bu halda şirkətə düşən yük daha da artacaq və bu, daha ağır problemlərə səbəb olacaqdır. Bu ideal balansı qurmaq da məhz İR-ın başlıca vəzifəsidir.

- Sizcə hansi iş növləri insanlar arasinda cəlbedici hesab olunur, insanlarin daha da produktiv işləmək motivasiyasi nədir, və hansisa bir iş seçməyin səbəbləri hansilardir?

- Əslində bu, birbaşa insanın xasiyyəti ilə bağlıdır. Bəziləri sakit, stressiz ofis şəraitində masa arxasında işləməyi xoşladığı halda, bəziləri də bütün gün hərəkətli olmağı, insanlarla ünsiyyət qurmağı, satışı və s. sevir. Hər iki tip insan da digər sahədə daha çox maaş verilsə belə uğurlu ola bilməz və motivasiyası düşər. Bəzən görürsünüz ki, çox yaxşı bir satıcını sırf satış göstəriciləri digərlərindən yaxşı olduğu üçün onlara rəhbər təyin edirlər. Əgər işçinin idarə etmə kompetensiyaları uyğun olmasa o, yeni işində uğursuz olacaq və beləcə şirkət yaxşı bir satıcısını da itirmiş olacaqdır. Bu səbəbdən əməkdaşların performansı ilə yanaşı fərdi bacarıq və səriştələrini düzgün qiymətləndirib uyğun işi uyğun adama həvalə etmək üçün İR ciddi səy göstərməlidir.

- Sizcə insanların daha məmnuniyyətlə və produktiv iş görməyinin tələbləri nədir?

- Insanların daha məmnuniyyətlə və məhsuldar iş görmələri üçün onların motivatorlarının nə olduğunun düzgün bilinməsi şərtdir. Amerikalı alimlər Gostick və Elton 850.000 dən çox insan ilə 10 ildən uzun müddət davam edən araşdırmalarını "Məni nə motivasiya edər?" adlı kitablarında ifadə etmişdir. Çalışmanın nəticəsi olaraq 5 ana başlıq altında 23 motivator müəyyənləşdirilmişdir. Hər bir insanda motivatorların önəm sırası dəyişə bilər. Kimdəsə pul ilk sırada ikən, başqa birində təlim, yaradıcılıq və ya ailə ön planda ola bilər. Maraqlıdır ki, hamıda bu motivatorlar az və ya çox əhəmiyyət səviyyəsinə görə mövcuddur. Əməkdaşların motivatorlarının nə olduğunu bilərək fərdi yanaşılması onların məhsuldarlığının artmasına səbəb olur.

Ən sərfəli kredit üçün müraciət et

- Hansi idarə stili Sizə daha yaxındır? (liberal, demokratik və ya avtoritar)

- Mən adətən demokratik idarə stilinə üstünlük verirəm. İşçilərə sərbəstlik vermənin həm onların inkişafına, həm də kreativliklərinə töhfə verəcəyinə inanıram. Amma işçilər də öz rəhbərlərinin demokratik olmasından sui istifadə etməməlidir.

- Sizin fikrinizcə, işçilər arasında münaqişələrin həlli üçün ən effektiv yolu nədir?

- Ən effektiv yolun münaqişənin kökünə enərək səbəblərin düzgün analiz edilməsi olduğuna inanıram. Əgər proseslərdə bir sıxıntı varsa bu təsbit edilib həll olunmalıdır. Əks halda heç kimin iş yerində şəxsi istək və maraqları səbəbi ilə münaqişə yaşamağa haqqı olmadığına inanıram. Çünki bu ümumi işə zərər verir.

- İR sahəsində işləyən əməkdaşlara hansı kitabları oxumağa məsləhət görərdiniz?

- Ümumiyyətlə bu sahədə son zamanlarda müxtəlif dillərdə kitabların sayı xeyli artmışdır. Azərbaycan, rus, türk, ingilis dillərində çox sayda kitab tapmaq mümkündür. Bu səbəbdən mən hər hansı kitab adı çəkərək yönləndirmək istəmirəm. Çox istərdim ki, İR sahəsində çalışanlar sadəcə İR mövzulu kitabları deyil, eyni zamanda fərdi inkişaf, idarə etmə, psioxologiya mövzularında kitabları oxusunlar, təlimlərdə iştirak etsinlər. Çünki işimiz insan resurslarını idarə etməkdir. Biz özümüzü nə qədər yaxşı inkişaf etdirsək o qədər faydalı ola bilərik, bu da həm şirkət, həm cəmiyyət, həm də özümüz üçün ən böyük qazanc olar.

- HR departamentinin işini asanlaşdırmaq üçün əmək qanunvericiliyində hansi dəyişikliklər qəbul olunmalidir?

- Tək əmək qanunvericiliyi yox, ümumiyyətlə cəmiyyətimizdə mən Peşə təhsilinə lazımi diqqətin ayrılmadığını düşünürəm. Əksər şagirdlər ali təhsil almağa can atır. Ali təhsil diplomu olsa iş tapmağın rahat olacağını düşünür. İstəmədiyi uyğunsuz yer də olsa bir şəkildə oxuyub bitirir. Nəticədə də heç bir uyğun iş tapmayıb uzun illər şikayət edir ki, diplomum da var iş tapmıram. Halbuki iş elanlarına baxsaq istər Bakıda, istərsə də bölgələrdə minlərlə ixtisasını yaxşı bilən elektrik, qaynaqçı, çilingər və s. kimi vakansiyalar olduğunu görürük ki, bunlar üçün heç də ali təhsil şərt deyil. Peşə təhsili almaq kifayət edər. Bu sahənin inkişafı, peşə məktəblərinin bazasının təkmilləşdirilməsi, özəl sektorun peşə təhsilinə inteqrasiyası, şagirdlər üçün təcrübə yerlərini təmin etməsi çox vacibdir. Peşə təhsili üçün strateji yol xəritəsi hazırlanmışdır. Əsas odur ki, qanunvericilikdə də lazımi məqamlar diqqətə alınsın və bütün cəmiyyət bu məsələyə sahib çıxsın.

- İdeal iş prosessinizi təsvir edin, və bu prosess şirkətinizin daha da böyük yüksəklərə nail olmağina necə təsir göstərir?

- İdeal iş prosesini şirkətdə ən yuxarıdan ən aşağıya qədər hamının hədəflərinin təyin olunmuş, lazımi səlahiyyətlər verilmiş, bu hədəflərin reallaşmasının təqib mexanizmləri qurulmuş olması olaraq görürəm. Belə olan halda hər kəs hədəfini və nəticəsini bildiyi üçün daha çox motivasiya olacaq, ədalətli qiymətləndirməyə təməl təşkil edəcək, şirkətin büdcəsi daha düzgün formalaşacaq və lazımi resurslar doğru şəkildə planlana biləcəkdir.

- Cəlal bəy, yaxın gələcəkdə şirkətinizin yeni layihələr və sizin üçün hansi sahə üzrə kadrlar daha da faydalı ola bilər haqqında danışın?

- Hal hazırda üzərində işlədiyimiz və yaxın zamanda həyata keçirməyi hədəflədiyimiz layihə istedadların idarə olunması və karyera planlamadır. Ehtiyac duyulan vakansiyalar üçün lazımi potensiala sahib əməkdaşların düzgün seçilməsi, onların lazımi səviyyəyə çatdırılması üçün kritik olan vasitələrin düzgün planlanması ilə şirkətimizin dəyərlərinə uyğun və personalın motivasiyasını yüksəldəcək, özlərini sübut etmələri üçün fürsət verəcək olan bu sistemi qurmaq hal hazırda ən böyük hədəfimizdir. Yaxın gələcəkdə satış, pərakəndə mağazaçılıq, kənd təsərrüfatı üzrə mütəxəssislərə daha çox ehtiyac duyacağımızı təxmin edirik.

- Sizin şirkətinizdə işə qəbul proseduru nədən və neçə mərhələdən ibarətdir?

Holdinqimizin işə qəbul prosesi 5 mərhələdən ibarətdir. Ilk mərhələdə namizədin www.azersunhr.com portalında qeydiyyatdan keçməsi tələb olunur. Uyğun vakansiyalar olduğu zaman namizədlə telefon vasitəsi ilə əlaqə saxlanılır. Vakansiya tələblərini qarşılaya biləcəyi düşünülən namizədlər ilkin müsahibəyə dəvət olunur. Ilkin müsahibəni keçən namizədlər test mərhələsinə buraxılır. Ən sonda isə vakansiya ilə əlaqədar sahənin nümayəndələrinin də iştirak etdiyi komissiya mərhələsi keçirilir və seçimə qərar verilir.

- Könüllülər ilə işiniz, təcrübə proqramlarınız haqqinda məlumat, məzunların işə qəbulu (Graduate Recruitment) praktikanizda var mı?

- Hər il universitetlərlə əməkdaşlıq çərçivəsində 100-lərlə tələbə holdinqimizin müxtəlif müəssisələrində müxtəlif ixtisaslar üzrə təcrübə keçir. Bu ildən etibarən isə əlavə olaraq Azərsun Akademiyası Biznes Məktəbi layihəsinə başlamışıq. Seçilmiş universitetlərdə çox yüksək qiymətlərlə oxuyan 3-cü kurs tələbələri ilə müsahibələr keçirərək 25 nəfərlik qrup seçdik. Bu qrup təcrübə keçməklə yanaşı, təlimlərdə iştirak edir, holdinqin müxtəlif fabriklərinə gəzintiyə gedir. Proqramın sonunda müxtəlif kriteriyalar ilə qiymətləndiriləcək olan tələbələrin ən uğurlularına təqaüd verilməsi nəzərdə tutulub. Qeyd etməliyəm ki, qrupdakı tələbələrin hamısı çox istedadlı, savadlı, kifayət qədər aktiv gənclərdir və bu da çox sevindiricidir. Məzunların işə qəbuluna gəldikdə isə onu deməliyəm ki, Azərsun bir məktəbdir və bizim işə götürdüyümüz yeni işçilərin böyük əksəriyyəti daha əvvəl iş təcrübəsi olmayan gənclərdir.

- Cəlal bəy, iş axtarışında olan insanlara məsləhətiniz.

- Əsla vazkeçməsinlər. Özəlliklə yeni başlayanlar heç vaxt maaşı 1-ci kriteriya olaraq müəyyənləşdirməsinlər. Əsas olan bir işə qəbul olmaq və orada öz bacarıq və keyfiyyətlərini nümayiş etdirə bilməkdir. Bu təcrübəni qazandıqdan sonra maaş özü sizi təqib edəcək, siz maaşı yox.

mənbə -  Day.Az.

 

Ən sərfəli krediti almaq üçün müraciət et