Tamara Mustafayeva, Banco.az
"Amazon" şirkətindəki CEO vəzifəsindən bir neçə gün əvvəl təqaüdə çıxan Ceff Bezosun sərvəti Pentaqondan gələn qərardan sonra rekord səviyyəyə yüksəlib.
Banco.az xarici mətbuata istinadla bildirir ki, e-ticarət nəhəngi "Amazon" şirkətinin sahibi Ceff Bezosun sərvəti ABŞ Müdafiə Nazirliyinin "Microsoft" şirkətinin qazandığı layihəni ləğv etməsindən sonra "Amazon" səhmlərinin bahalaşması ilə 211 milyard dollarla rekord vurub.
Xatırladaq ki, Pentaqonun informasiya infranstrukturunun müasirləşdirilməsinə dair 10 milyard dollar dəyərindəki nəhəng texnologiya layihəsini 26 oktyabr 2019-cu ildə "Microsoft" şirkəti qazanmış, "Amazon" isə JEDI bulud layihəsinin qərəzli və nöqsanlı qiymətləndirilmə yolu ilə "Microsoft"a verildiyini iddia edərək məhkəməyə müraciət etmişdi. Şirkət həmçinin Donald Trampla Ceff Bezos arasındakı narazılıqlar səbəbindən layihənin "Amazon"a verilmədiyini də vurğulamışdı.
Sabiq prezident Donald Tramp dövründə həyata keçirilən və "Microsoft" şirkətinin qazandığı sözügedən layihənin Pentaqon tərəfindən ləğv edilməsinin ardınca "Amazon" şirkətinin səhmləri ümumilikdə 5% bahalaşıb. Bezosun sərvəti isə 8,4 milyard dollarlıq artım göstərib.
Bizi sosial şəbəkələrdən izləyin!!