Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Fintex Assosiasiyası (AzFina) tərəfindən bankların və elektron pul təşkilatlarının xidmətlərindən sui-istifadə risklərinin minimallaşdırılması məqsədilə ödəniş alətlərinə mədaxil əməliyyatları üzrə risk əsaslı yanaşmanın tətbiq olunması ilə bağlı razılaşma əldə edilib.
Sözügedən yanaşmaya əsasən, ödəniş xidməti istifadəçilərinə məxsus olan hər bir ödəniş aləti üzrə gündəlik olaraq maksimum 5 sayda, aylıq olaraq isə maksimum 20 min manatadək mədaxil əməliyyatlarının həyata keçirilməsi imkanı nəzərdə tutulur.
Bu qərarın müsbət tərəfləri olsa da, bir çox sahədə çalışanlara mənfi təsiri olacaq. Hansılar ki, gündəlik ödənişlərdə "card to card" əməliyyatlarına üstünlük verirdilər.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc Banco.az-a açıqlamasında bildirib ki, bu qərar daha çox kiçik sahibkarlara və ticarətlə məşğul olan şəxslərə, xüsusilə də topdansatışdan çox pərakəndə satışla məşğul olanlara təsir göstərəcək:
"Bu günə qədər həmin şəxslər arasında daha çox "kartdan-karta" ödənişlərdən istifadə olunurdu. Yeni qaydalar isə bu cür ödənişləri məhdudlaşdırır. Müəyyən edilmiş limit bu fəaliyyətin qarşısının alınmasına xidmət edir. Bu isə kölgə iqtisadiyyatının real iqtisadiyyata keçidi, eyni zamanda şübhəli və qanunsuz maliyyə əməliyyatlarının qarşısının alınması məqsədi daşıyır.
Bu, qara iqtisadiyyatın ağ iqtisadiyyata keçirilməsi istiqamətində atılmış çox ciddi addımdır. POS-terminaldan və biznes hesabından istifadə, eləcə də nağdsız və elektron ödənişlərin tətbiqi bu qərarla daha da təşviq olunur. Yəqin ki, bir çox sahibkarlar məhz bu qərardan sonra fəaliyyətlərini müəyyən qədər rəsmiləşdirəcəklər və nəticədə vergi ödəyicilərinin sayı artacaq. Bu da dövlət büdcəsinə əlavə vəsaitin daxil olmasına səbəb olacaq".
V. Orucun sözlərinə görə, bu qərar kuryerlərin, çatdırılma xidmətlərinin, sosial şəbəkə üzərindən satışla məşğul olanların, taksi sürücülərinin, eləcə də distant (onlayn) qaydada çalışan sərbəst fəaliyyət göstərən şəxslərin işinə də təsir göstərəcək və onlayn satış fəaliyyətinin daha çox rəsmi müstəviyə keçməsini təmin edəcək:
"Əvvəl də qeyd etdiyim kimi, limitin müəyyən edilməsi ümumilikdə müsbət addımdır. Lakin nəzərə almaq lazımdır ki, kart köçürmələri ailə üzvləri arasında və bir çox hallarda heç bir ticarət və iqtisadi məqsəd daşımadan həyata keçirilir. Bu baxımdan limitin tətbiqi düzgün qərar olsa da, müəyyən məbləğədək köçürmələrin limitdən kənarda saxlanılması da məqsədəuyğun olardı. Bu prosesin mərhələli şəkildə həyata keçirilməsi daha düzgün yanaşma olardı. Çünki elə fəaliyyət sahələri var ki, onların bir anda tam rəsmiləşdirilməsi ciddi çətinliklər yarada bilər.
Bununla belə, bu addımın özü kifayət qədər əhəmiyyətlidir. Bu, vətəndaşların fəaliyyətinin vergiyə cəlb olunması, maliyyə şəffaflığının və hesabatlılığının artırılması istiqamətində atılmış ciddi və uğurlu addımlardan biridir".
Bizi sosial şəbəkələrdən izləyin!!
