Müəllif: Tamara Mustafayeva, Banco.az
Cambridge Dictionary 2025-ci ilin sözünü seçib.
Banco.az xəbər verir ki, 2025-ci ildə dil dünyasında önə çıxan “parasocial” (azərbaycanca: parasosial) ifadəsi Cambridge Dictionary tərəfindən ilin sözü elan edilib.
Termin bir insanın şəxsən tanımadığı məşhur şəxsə, sosial media fenomeninə, kitab və ya film qəhrəmanına, hətta süni intellekt əsaslı söhbət botuna qarşı qurduğu birtərəfli emosional bağlılığı ifadə edir.
Cambridge Dictionary redaktorları 2025-ci il ərzində “parasosial münasibətlər” anlayışına marağın kəskin şəkildə artdığını bildirib. Lüğətin baş redaktoru Kolin Makkintoş bu sözün “2025-ci ilin ruhunu əks etdirdiyini” vurğulayaraq, anlayışın akademik mühitdən çıxaraq gündəlik dilə daxil olmasına diqqət çəkib.
Qeyd edək ki, “parasosial” anlayışı ilk dəfə 1956-cı ildə Çikaqo Universitetinin alimləri Donald Horton və Richard Wohl tərəfindən irəli sürülüb. Günümüzdə isə bu cür münasibətlər sosial media, podkastlar və süni intellekt platformalarının təsiri ilə daha da geniş yayılıb.
Sosial psixoloq Simon Şnal bəzi parasosial bağların sağlam olmayan formalar ala biləcəyini bildirərək, insanların bu birtərəfli münasibətləri bəzən qarşılıqlı əlaqə kimi qavradığını qeyd edir.
Bizi sosial şəbəkələrdən izləyin!!
