​BVF yuanın məzənnəsi ilə bağlı Çin hökumətinə təklif irəli sürüb | Banco.az

​BVF yuanın məzənnəsi ilə bağlı Çin hökumətinə təklif irəli sürüb

Banco.az "Report"a istinadən xəbər verir ki, Beynəlxalq Vayuta Fondu (BVF) hesab edir ki, Çin hakimiyyəti yaxın üç ildə islahatlar aparmalı və milli valyutanın - yuanın məzənnəsinin tənzimlənməsindən əl çəkməlidir. 

Təşkilat Pekinin yuanı zəiflətməsi barədə qərarını müsbət qarşılayıb, lakin BVF-də hesab edirlər ki, Çin yuanı sərbəst buraxmağı təmin edəcək daha ciddi dəyişikliklər etməlidir. Bu barədə "Wall Street Journal" yazır.

"Çinin dünya maliyyə sisteminə gündən-günə artan inteqrasiyasını nəzərə alsaq, yuanın məzənnəsinin bazar mexanizmləri ilə tənzimlənməsi vacibdir", - bu barədə jurnalistlərə Pekində BVF-nin təmsilçisi Markus Rodlauer bildirib.

BVF hesab edir ki, Çin islahatların aparılmasına razılıq verməsə, iqtisadiyyatin zəif artması ilə barışmalı olacaq.

Pekin yuanın devalvasiyasını məzənnənin bazar səviyyəsinə qaytarılması arzusu ilə izah edir. Çin hökümətinin fikrinə görə, dollara qarşı məzənnə ilə bazar gözləntiləri arasında 3%-lik fərq mövcud idi.

Xatırladaq ki, Çin Mərkəzi Bankı (ÇMB) avqustun 13-də ardıcıl olaraq üçüncü gün milli valyutanın devalvasiyasını həyata keçirib. Bu gün ÇMB yuanı daha 1,1% ucuzlaşdırıb. Bununla da dolların məzənnəsi 6,401 yuan səviyyəsinə yüksəlib. Çin Mərkəzi Bankının bu qərarı ilə yuan son üç gündə toplam olaraq 4,6% devalvasiyaya məruz qalıb.

Mərkəzi Bank dünən həyata keçirdiyi devalvasiyanın son olduğunu bildirsə də, bugünkü növbəti devalvasiya qərarını "yuanın münasib məzənnə axtarışında olması" fikri ilə izah edib. Bu açıqlama qlobal maliyyə bazarlarında yuanın növbəti günlərdə devalvasiya olunacağı ehtimalını gücləndirib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, son üç gündə yuanın devalvasiyası Uzaq Şərq ölkələrinin çoxunun milli valyutalarını devalvasiya etməsinə səbəb olub. Devalvasiya qərarları ölkələrin ixrac potensialının gücləndirilməsi məqsədilə qəbul olunub.

Çin Mərkəzi Bankının BVF-nin məsləhəti ilə yuanı sərbəst buraxması maliyyə bazarlarında gözlənilməz dəyişikliklərə səbəb ola bilər. Çinin ixracının azaldığı bir dövrdə yuanın bazar mexanizmləri ilə sərbəst tənzimlənməsi, onun məzənnəsinin dollarla müqayisədə hansı səviyyədə qərarlaşacağını deməyə çətinlik yaradır. 

Normal qlobal iqtisadi şərait və Çin iqtisadiyyatının bir il əvvəlki dövrdəki vəziyyətində yuanı sərbəst buraxmaq bəlkə də mümkün olardı. Amma hazırda bunu etmək dünya iqtisadiyyatına baha başa gələ bilər. Belə bir qərar qəbul olunarsa, yuan/dollar məzənnəsi 10-a qədər yüksələ bilər. Bu isə bütün dünyaya mal ixrac edən Çin iqtisadiyyatı üçün müsbət olsa da, digər ölkələrdən kapital axınını gücləndirər və bir çox ölkə milli valyutasını yuan/dollar məzənnəsindəki dəyişiklik qədər devalvasiya edər. Son həftə ərzində yuanın 4,6% devalvasiyası bir çox Asiya ölkəsinin milli valyutalarının devalvasiyasına gətirib çıxarıb. Hətta Rusiya rublu devalvasiyadan zərər görüb.

Analitiklər hesab edir ki, yuanın sərbəst buraxılması istər-istəməz Çində kəskin devalvasiyaya yol açacaq. Nəticədə hər kəs Çinin ixracının artacağını və bununla bərabər xammal, xüsusilə də neft qiymətlərinin artacağını düşünür. Amma bu, belə olmayacaq. Digər ölkələrin də valyuta ehtiyatlarını əritməmək üçün devalvasiyaya getmələri Çin ixracını artırmayacaq, əvəzində dünya üzrə inflyasiya artacaq. İnflyasiya isə öz növbəsində ÜDM-ün azalması ilə müşahidə olunacaq. Bu da staqflyasiyanı bərabərində gətirəcək. Xammal qiymətləri isə yerli valyutalarda baha olması səbəbindən kəskin azalacaq.