BVF Türkiyə iqtisadiyyatını qiymətləndirib | Banco.az

BVF Türkiyə iqtisadiyyatını qiymətləndirib

Müəllif: Tamara Mustafayeva, Banco.az

BVF-dən Türkiyə iqtisadiyyatına dair nikbin proqnozlar.

Banco.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının Bahar İclasları çərçivəsində Avropa regionunun iqtisadiyyatlarına dair mətbuat konfransı keçirilib. Tədbirdə Türkiyə iqtisadiyyatının perspektivləri də xüsusi diqqət mərkəzində olub.

Anadolu Agentliyinin (AA) Türkiyə iqtisadiyyatının artım proqnozları ilə bağlı sualını cavablandıran BVF-in Avropa Departamentinin Direktoru Alfred Kammer bildirib ki, 2024-cü ilin ikinci yarısından etibarən müşahidə olunan güclü iqtisadi dinamika böyümə proqnozunun yuxarı doğru yenidən qiymətləndirilməsinə səbəb olub:

“Bu artım nisbətən kiçik olsa da, tariflər və qeyri-müəyyənliklərin mənfi təsirlərini kompensasiya etməsi baxımından əhəmiyyətlidir,” – deyə Kammer vurğulayıb.

Dezenflasiya proqramında irəliləyiş var

Kammer Türkiyə hökumətinin inflyasiya ilə mübarizə proqramında irəliləyiş olduğunu qeyd edərək, iqtisadi komandanın dezinflyasiya tədbirlərini həyata keçirdiyini bildirib. O, bu prosesin daha sürətli baş verməsinin zəruriliyini önə çəkib və bunun üçün daha sərt makroiqtisadi siyasətlərin tətbiq edilməli olduğunu bildirib:

“Niyə bu mövqeyi müdafiə edirik? Çünki inflyasiyanın azalması prosesi nə qədər gecikərsə, iqtisadiyyat bir o qədər uzun müddət zəif və gözlənilməz şoklara qarşı həssas qalır. Bu səbəbdən, dezinflyasiya proqramının sürətləndirilməsi zəruridir və bunun əsas dayağı daha sərt maliyyə siyasəti olmalıdır.”

Artım proqnozları müsbət istiqamətdə dəyişib

BVF 22 aprel tarixində yayımladığı "Dünya İqtisadi Görünüm" hesabatında Türkiyə iqtisadiyyatının 2024-cü il üçün artım proqnozunu bir qədər artıraraq yuxarı istiqamətdə yenidən qiymətləndirib. 2025-ci il üçün isə proqnoz sabit saxlanılıb.

Hesabatda qeyd olunub ki, Türkiyə iqtisadiyyatında 2025-ci ildə artım tempinin 2,7 faizlə minimum səviyyəyə düşəcəyi, lakin pul siyasətindəki son istiqamət dəyişiklikləri nəticəsində 2026-cı ildə bu göstəricinin 3,2 faizə yüksələcəyi gözlənilir.

Xatırladaq ki, BVF-in yanvar ayında dərc etdiyi əvvəlki proqnozlara əsasən, Türkiyə iqtisadiyyatının 2024-cü ildə 2,6 faiz, 2025-ci ildə isə 3,2 faiz artacağı gözlənilirdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram