Məşhur rəqiblər arasında brend rəqabəti yeni anlayış deyil. Bazarda gəlir varsa, dominant oyunçular arasında rəqabətin olacağı mütləqdir. Burger King və Mcdonald`s arasında olan rəqabət də reklam dünyasını silkələyən reklam çarxlarındakı “ismarıclarla” müştəriləri qazanmaq uğrunda olan kəskin müharibədir. İllərin dinamik rəqabəti, Burger Müharibələri adlandırılan cərəyanı ortaya çıxardı.
Deməli, təqvimlər 1937-ci ili göstərir və Amerikanın Kaliforniya ştatı. Patric Mcdonalds “The Airdrome” adlanan bir restorant açdı, hansı ki, ilk menuya daxil olmasa da, sonralar hamburger satışlarına başladı. Qısa müddət sonra restoranın adı dəyişdirildi və indiki adı aldı. Mcdonald`s ən sürətli servis təqdim edən şirkətə çevrildi. 58 il bundan əvvəl ilk Mcdonald`s françayzı açıldı ki, hekayəsinə nəzər salsaq Ray Krock, südlü kokteyl maşını istehsalçısı, Mcdolnald`s-dan gələn sifarişlərdən sonra onun potensialı görərək, françayz müqaviləsi bağladı. Daha sonralar Mcdonald`s-ın uğurlu satışlardan təsirlənən Kaith Kramer və Matthew Burns 1953-cü ildə, Florida ştatında indiki Burger King, o zamankı İnsta-Broiler şirkətini qurdular. 1959-cu ildə James Mclamore və David Edgerton tərəfindən satın alınan biznesin adı Burger King olaraq dəyişdirildi. 1957-ci ildə şirkətin ən məşhur məhsulu olan “Whopper”-lə xidmətə başladılar ki, Mcdonald`s-ın “Big Mac”-ına bazarda ən güclü rəqib məhz bu məhsul sayılırdı. Rəqabəti kəskinləşdirən məsələrdən biri Burger King-in aşağı qiymət strategiyası ilə təqdim etdiyi məhsullar idi. Lakin 1960-cı illərin satış analizlərinə baxsaq, Mcdonald`s-ın Amerika xaricində xidmətə başlaması ilə satışların nəzərəçarpan səviyyədə artmasını görə bilərik. Günümüzdə 16700-dən çox filialda müştərilərə xidmət göstərən Burger King-lə, Mcdonald`s arasında olan o məşhur Burger Müharibələri məhz 1970-ci ildən başladı. 1984-cü ildə Mcdonald`s ilk dəfə olaraq, çalışanlarına yüksək keyfiyyətli xidmət üçün xüsusi treyninqlər prooqramı hazırladı. Bu illərdə Burger King də boş dayanmadı, uşaqlar üçün hazırlanmış xüsusi proqram ilə yeni hədəf kütləni müştərilər sırasına əlavə etdi. 2003-cü ildə Burger King idarə sistemində dəyişikliklər edir və “Kral yenidən taxta çıxarılır”. 1990-cı ildən satışlarda olan azalmalar, 2003 geri dönüşümü sayəsində xoşbəxt sonluqla bitdi desək yanılmazdıq əslində. Amma bu hələlik son deyildi. Fantastik bahalı burgerlər Burger King-in qiymət strategiyasına uyğun deyil, bunu əvvəlcədən qeyd etmişdik. 2008-ci ildə yeni üfüqlərə yönələn Burger King 190 dollarlıq burgerləri ilə İngilis bazarında şok effekti yaratdı. Ardından “Tərbiyəli Toyuq” və “Whopper Freakout” məhsullarını müştərilərinə sundu. Bu məhsullar Burger King-in 3 aylıq gəlirlərinə 4 rəqəmli artışlarla təsir etdi. Bu illərdə Mcdonald`s Korporativ Sosial Məsuliyyət məsələsinə toxunmaqla müştəriləri əlində saxlamağı üstün tutdu. Strategiyasında “Sadəcə böyümək deyil, daha yaxşı olmaq” ideasına söykənən Mcdonald`s, satışlardan gələn gəlirləri, yenidən restorant şəbəkələrinin optimallaşdırılmasına yatırır. 2009-ci ildə Sinqapurda yayımlanmış reklamda Burger King-in əsas müştərilərinin 18-34 yaşlı kişilərin olduğunu nəzərə alaraq çəkilmiş və digər kütləyə xitab etməyən süjet ifadə olundu. Reklam bütün dünyada qadınların mənfi rəyləri və qəzəbi ilə qarşılandı. Və bununla Burger King ilk dəfə, müştərilərin negativ reaksiyası ilə qarşılaşdı. 21 sentyabr Dünya Sülh Günündə, 2015-ci ildə Burger King və Mcdonald`s-ın birgə məhsulu olan “McWhopper” müştərilərə təqdim edildi.”Bir Günlük Sülh” adlandırılmış proqram, Atlantada hər il həyata keçirilir.
Sevinc Hüseynova, banco.az