Bu şirkət istifadəçilərin hesabına səhvən 44 milyard dollarlıq kriptovalyuta göndərdi | Banco.az

Bu şirkət istifadəçilərin hesabına səhvən 44 milyard dollarlıq kriptovalyuta göndərdi

Müəllif:Mehin Qasımova,Banco.az

Cənubi Koreyada yerləşən kriptovalyuta birjası Bithumb-da texniki nasazlıq səbəbindən müştərilərə nəzərdə tutulandan daha çox məbləğdə kriptovalyuta köçürülüb.

Banco.az xəbər verir ki, şirkət istifadəçilərə simvolik olaraq təxminən 1,37 dollar məbləğində bonus verməyi planlaşdırsa da, sistem xətası nəticəsində səhvən 44 milyardlıq kriptovalyuta oturub.

Bithumb-ın yaydığı açıqlamada bildirilib ki, texniki problem qısa müddətdə aşkar edilib və səhv köçürülən vəsaitlərin böyük hissəsi geri qaytarılıb. Hadisə zamanı təhlükəsizlik məqsədilə 695 istifadəçi üçün təxminən 35 dəqiqəlik əməliyyat və pul çıxarma məhdudiyyəti tətbiq olunub.

Şirkət vurğulayıb ki, baş verənlər kiberhücum və ya təhlükəsizlik pozuntusu ilə bağlı deyil, problem daxili texniki nasazlıq nəticəsində yaranıb. “Sistem təhlükəsizliyi və müştəri aktivlərinin qorunması ilə bağlı ciddi risk yaranmayıb”, – deyə birja açıqlamasında qeyd edib.

Cənubi Koreyanın maliyyə tənzimləyicisi olan Maliyyə Nəzarəti Xidməti (FSS) hadisə ilə bağlı araşdırma aparmaq üçün təcili iclas keçirib. Qurum mümkün qanun pozuntuları aşkarlanacağı təqdirdə rəsmi istintaq başladılacağını açıqlayıb. Bithumb isə tənzimləyici orqanlarla tam əməkdaşlığa hazır olduğunu bildirib.

Bithumb-ın baş direktoru Li Ce-von hadisəyə münasibət bildirərək deyib:
“Bu baş verənlər bizim üçün ciddi dərsdir. Gələcəkdə müştəri etibarını və platformanın sabitliyini sürətli böyümədən üstün tutacağıq”.

Şirkət hadisə zamanı platformadan istifadə edən müştərilərə kompensasiya ödəniləcəyini və bəzi əməliyyat haqlarından imtina ediləcəyini açıqlayıb. Bundan əlavə, oxşar halların qarşısını almaq üçün daxili yoxlama mexanizmlərinin gücləndiriləcəyi və anomal əməliyyatların aşkarlanması üçün süni intellekt əsaslı nəzarət sistemlərinin tətbiq ediləcəyi bildirilib.

Qeyd edək ki, maliyyə sektorunda texniki səhvlər təkcə kriptobirjalarda deyil, ənənəvi bank sistemlərində də müşahidə olunur. 2024-cü ilin aprelində ABŞ-da Citigroup bankı müştərinin hesabına səhvən 280 dollar əvəzinə milyardlarla dollar köçürmüş, əməliyyat bir neçə saat sonra geri qaytarılmışdı.

Hadisənin kriptovalyuta bazarında risklərin idarə olunması və nəzarət mexanizmlərinin sərtləşdirilməsi ilə bağlı müzakirələri yenidən gündəmə gətirəcəyi gözlənilir.