Bu ölkədə varlılar üçün gizli yeraltı anbarlar tikilir | Banco.az

Bu ölkədə varlılar üçün gizli yeraltı anbarlar tikilir

Müəllif:Mehin Qasımova,Banco.az

İsveçrənin Alp dağlarında varlı şəxslərin qiymətli əşyalarını qorumaq üçün nəhəng yeraltı anbar kompleksi yaradılır.

Banco.az xəbər verir ki, "Brünig Mega Safe" adlanan layihənin Obvalden kantonunun Lungern ərazisində, Brünig massivinin daxilində inşa edilməsi planlaşdırılır.

Layihə üzrə tikinti işlərinə icazə verilib və işlərin başlanması nəzərdə tutulur.

Layihənin müəllifi və Brünig Mega Safe şirkətinin idarə heyətinin sədri Tomas Qasserin planına əsasən, dağın daxilində 20-25 yüksək təhlükəsizlikli kamera yaradılacaq. Burada qızıl və digər qiymətli metallar, incəsənət əsərləri, kolleksiya avtomobilləri, nadir şərablar və digər qiymətli əşyaların saxlanılması mümkün olacaq.

Yeraltı kameraların temperaturunun ilboyu təxminən 13 dərəcə Selsidə sabit qalacağı bildirilir. Layihəyə artıq maraq göstərən müştərilər arasında kolleksiya avtomobilləri və böyük həcmdə şərab saxlamaq istəyən şəxslərin olduğu açıqlanıb. Məsələn, potensial müştərilərdən biri 20 avtomobil, digəri isə 100 min şüşə şərab üçün yer istəyib.

Layihənin qiyməti də kifayət qədər yüksəkdir. Təxminən 20 kvadratmetrlik kamera yarım milyon İsveçrə frankına başa gəlir və daha böyük sahələr üçün qiymət artır.

İsveçrənin dağlıq ərazilərindən qiymətli əşyaların qorunması üçün istifadə edilməsi yeni deyil. İkinci Dünya müharibəsi dövründə ölkənin qızıl ehtiyatlarının bir hissəsi Alp dağlarındakı hərbi bunkerlərdə və yeraltı obyektlərdə saxlanılıb. Sonrakı illərdə isə bəzi keçmiş hərbi bunkerlər özəl sektor tərəfindən müxtəlif məqsədlər üçün yenidən istifadə olunub.

Beləliklə, vaxtilə hərbi məqsədlərlə istifadə edilən İsveçrə dağlarının dərinlikləri indi ultra varlı şəxslərin sərvətlərini qorumaq üçün xüsusi yeraltı anbarlara çevrilir. Layihə müəllifləri isə dünyadakı qeyri-müəyyənliyin artması fonunda belə təhlükəsiz saxlanc yerlərinə marağın yüksəldiyini bildirirlər.