Bu ölkədə uçan avtomobillər artıq gerçək olur | Banco.az

Bu ölkədə uçan avtomobillər artıq gerçək olur

Tamara Mustafayeva, Banco.az

ABŞ-ın transmilli avtomobil istehsalçısı Ford şirkətinin buraxdığı T Modelinin bazara çıxarılmasından təqribən 100 il sonra bəşəriyyət digər bir avtomobil inqilabına şahidlik etmək üzrədir: 2023-cü ildən etibarən həyatımıza daxil olacaq uçan taksi xidməti.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Yaponiyanın ən yeni uçan avtomobil təşəbbüskarlarından olan SkyDrive qısa müddət əvvəl saatda 100 km sürətlə hərəkət edə bilən, onlarla km qət etməyə qadir, təqribən standart avtomobil ölçülərinə sahib iki nəfərlik lüks elektrikli şaquli qalxış və eniş (eVTOL) edə bilən hava vasitəsi "SD-XX" adlı modeli istehsal edib.

Boeing Co., Airbus SE və Uber Texhnologies Inc. kimi tanınmış beynəlxalq firmalar da daxil olmaqla dünya miqyasında 100-dən çox uçan avtomobil layihəsi olmasına baxmayaraq, mərkəzi ofisi Tokio şəhərində yerləşən SkyDrive tərəfindən dizayn edilən iki oturacaqlı vasitə dünyanın ən kiçik uçan avtomobili olduğu üçün digərlərindən fərqlənir. Dörd kənarının hər birinə bir cüt pərvanə quraşdırılan və batareya ilə çalışan prototip ötən ilin dekabr ayında sınaq uçuşunu həyata keçirib. Şirkət yay aylarının sonunadək sınaq uçuşlarını başa çatdırmağı düşünür.

Əvvəllər Toyoto şirkətində mühəndislik vəzifəsini icra edən SkyDrive şirkətinin CEO-su Tomohiro Fukuzawa jurnalistlərə açıqlamasında Osaka və ya Tokio kimi böyük şəhərlərdə ilk uçuşları dəniz üzərindən hava taksisi xidməti kimi başlatmağı düşündüklərini, çünki quru yolunda insanların üzərindən uçmağın çox riskli olacağını bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Yaponiya hökuməti də SkyDrive şirkətini dəstəkləyərək lazımi sərmayələrin qoyuluşuna başlayıb. Hökumətin məqsədi böyük şəhərlərdə insanların daşınmasını təmin etmək, nəqliyyat sıxlığının qarşısını almaq, dağlıq ərazilər və ya uzaq adalar üçün təbii fəlakət və digər fövqəladə hallarda istifadə etmək üzrə uçan avtomobillərdən faydalanmaqdır.

Həmçinin oxu: Airbus yeni uçan taksisini təqdim etdi

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram