Müəllif:Ayşən İmanova/Banco.az
Fransada 7 ailə “TikTok” sosial şəbəkəsini məhkəməyə verib. Onlar iddia edirlər ki, platforma öz resurslarında yeniyetmə uşaqlarına mənfi təsir göstərən məzmun yerləşdirib.
Banco.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məhkəmə iddiası və vəkilin məlumatlarına istinadən məlumat yayıb.
İddiaçılar qeyd edirlər ki, “TikTok” alqoritmi yeddi yeniyetməni intihar, özünə zərər vermə və qidalanma pozğunluğunu təbliğ edən videolara məruz qoyub.
Ailələr Kreteyl şəhərinin məhkəməsində birgə iddia qaldırıblar. Vəkil Lora Butron-Marmion bildirib ki, bu, Avropada ilk belə birgə işdir.
“Valideynlər “TikTok”un qanuni məsuliyyətinin məhkəmədə tanınmasını istəyirlər. Bu, yetkinlik yaşına çatmayan istehlakçılara məhsul təklif edən kommersiya şirkətidir. Ona görə də məhsulun qüsurlarına görə məsuliyyət daşımalıdırlar”, - deyə hüquq müdafiəçisi qeyd edib.