Bu ölkədə peyvənd olunmayanlar üçün həyat bahalaşacaq | Banco.az

Bu ölkədə peyvənd olunmayanlar üçün həyat bahalaşacaq

Tamara Mustafayeva, Banco.az

Almaniyada peyvənd olunmayanlar üçün həyat bahalaşacaq.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Almaniya Səhiyyə Naziri Yens Span əyalətlərin səhiyyə nazirləri ilə həyata keçirdiyi iclasda ölkədə peyvənd olunmaq istəməyənlərlə bağlı yeni qərarlarını açıqlayıb.

Qərara görə, 1 noyabr tarixinədək peyvənd olunmayan işçilər bu tarixdən etibarən koronavirusa yoluxma səbəbindən işləyə bilmədikləri təqdirdə həmin günlər üçün dövlət tərəfindən kompensasiya almaq hüququnu itirəcəklər. Bu qayda müvafiq sağlamlıq problemləri səbəbindən peyvənd oluna bilməyən və bu barədə rəsmi arayış təqdim edən şəxslərə isə şamil edilməyəcək.

Bununla yanaşı, peyvənd olunmadığına görə ictimai iaşə obyektlərinə, teatr və ya kinoteatrlara, eyni zamanda konsert zallarına buraxılmaq üçün tələb edilən sürətli PCR testinin ödənişi də məhz həmin şəxslər tərəfindən ödəniləcək. Uşaqlar, 12-17 yaş aralığında olan gənclər və hamilə qadınlar üçün isə bu testlər 31 dekabr tarixinədək ödənişsiz olacaq.

Qeyd edək ki, Yens Span insanların vaksinasiya prosesi ilə bağlı azad qərar vermə hüququna sahib olduqlarını, ancaq verdikləri bu qərara görə həm maddi, həm mənəvi məsuliyyət daşımalarının zəruri olduğunu vurğulayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram