Bu ölkədə "Mall"lar öz dövrünü başa vurur | Banco.az

Bu ölkədə "Mall"lar öz dövrünü başa vurur

Tamara Mustafayeva, Banco.az

Texnologiyanın insan həyatına təsirinin artması, pandemiya səbəbilə həyat standartlarının dəyişməsi və maliyyə xərcləri "Mall"ların, yəni iri alış-veriş mərkəzlərinin populyarlığını azaltmağa başlayıb. Texnoloji üstünlüklərin sayəsində müştərilərin onlayn alış-verişə üstünlük verməsi, öz növbəsində istehlakçı vərdişlərinin dəyişməsində mühüm rol oynayır. Odur ki, əksər ölkələrdə insanların artıq iri ticarət mərkəzlərinə marağının azalması ilə birlikdə ABŞ-da da bu məkanlara tələbat əsaslı dərəcədə azalıb. Bu azalma isə əvvəla müştəri və istehlakçı həcmini, daha sonra isə sözügedən müəssisələrin sahiblərini və icarədarlarını öz təsiri altına alır.

CNBC tərəfindən həyata keçirilən bir araşdırma zamanı "Mall"lardakı sahibkarlarla aparılan danışıqlar göstərib ki, növbəti 5 il ərzində ABŞ-dakı iri alış-veriş mərkəzlərinin 25%-i fəaliyyətini dayandırmalı olacaq. Bəlkə də bu beş il proqnozunu pandemiyanın sosial həyata və istehlak vərdişlərinə təsiri minimuma endirəcək. 

Bu müəssisələrin idarəçiləri iş yerlərini qorumaq üçün banklarla kredit danışıqları aparır, icarədarlar isə icarə haqqının azaldılması, təxirə salınması və s. tədbirlərin görülməsini tələb edirlər. 

Qeyd edək ki, cari vəziyyət təkcə pərakəndə mağazalar üçün əhəmiyyət daşımır. Belə ki, "Mall"ların daxilində fəaliyyət göstərən iaşə müəssiləri, əyləncə məkanları, kinoteatrlar, uşaq əyləncə zalları kimi yerlər də artıq insanların böyük marağına səbəb olmur. İqtisadiyyatın əvvəlki vəziyyətindən uzaqlaşması və pandemiya şəraiti "Mall"ların cəlbediciliyini itirməsindəki əsas səbəb kimi göstərilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram