Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniyada hökumət süni intellektdən getdikcə daha çox istifadə edir.
Banco.az xəbər verir ki, bu barədə Almaniya Xəbər Agentliyinin (DPA) məlumat verib.
Məlumata görə, Solçu Partiyanın parlament sualını cavablandıran Almaniya hökuməti nazirliklərdə və ictimai qurumlarda aktiv süni intellekt layihələri və tətbiqlərinin sayının bir il ərzində iki dəfədən çox artaraq təxminən 100-dən 212-yə çatdığını bəyan edib.
Bildirilib ki, hökumət idarələrində süni intellektin istifadəsi federal nazirliklər baxımından müxtəliflik təşkil edir və İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi 44 layihə ilə birinci yerdədir. Süni intellekt tətbiqlərinin sayına görə 40 layihə ilə Daxili İşlər Nazirliyi nazirliklər arasında ikinci yerdə qərarlaşıb.
İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi mətn təhlili və ya transkripsiya kimi ümumi tətbiqlər üçün süni intellektdən istifadə edir. Daxili İşlər Nazirliyi isə barmaq izinin götürülməsi, üzün tanınması, zərərli proqramların aşkarlanması, video görüntü məlumatlarının qiymətləndirilməsi və qatar stansiyalarında təhlükənin qarşısının alınması üçün süni intellektə üstünlük verir.
Qeyd edək ki, hökumətin cavabında Müdafiə Nazirliyinin və kəşfiyyat agentliklərinin süni intellekt sistemlərindən istifadə edib-etməməsinə dair məlumat verilməyib.
Bizi sosial şəbəkələrdən izləyin!!