Bu ölkədə bəzi şirkətlər 4 günlük iş rejimini daimi edəcək | Banco.az

Bu ölkədə bəzi şirkətlər 4 günlük iş rejimini daimi edəcək

Tamara Mustafayeva, Banco.az

Britaniyada həftədə 4 gün işləməklə bağlı həyata keçirilən pilot layihəyə qoşulmuş bir çox yerli şirkət 6 aylıq müddət başa çatdıqdan sonra bu təcrübəni daimi etməyə hazırlaşır.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, “4 Day Week Global” qeyri-kommersiya təşkilatı tərəfindən iyun ayında başladılan və 6 ay ərzində 3 mindən çox işçinin həftədə 4 gün işləməsini ehtiva edən pilot layihə hələ də davam edir.

Məlumatlar 6 aylıq sınaq müddətinin yarısında əksər firmalarda məhsuldarlığın saxlanıldığını və ya yaxşılaşdığını ortaya çıxarıb.

Həftədə 4 günlük iş rejimi layihəsində iştirak edən 73 şirkətdən 41-i ilə sınaq müddətinin yarısında anket sorğusu keçirilib.

Sorğuda iştirak edənlərin təxminən 86 faizi pilot layihə başa çatdıqdan sonra həftədə dörd gün iş rejimini davam etdirəcəklərini qeyd edib. Şirkətlərin 95 faizi 4 günlük rejmdə məhsuldarlığın eyni qaldığını və ya artdığını bildirib.

Bu ilin sonunda başa çatacaq layihənin nəticələrini Kembric Universiteti, Oksford Universiteti və Boston Kollecinin tədqiqatçıları qiymətləndirəcək.

Xatırladaq ki, 2021-ci ildə islandiyalı tədqiqatçılar ölkədə həyata keçirilən dünyanın ən böyük həftədə 4 günlük iş rejimi layihəsinin böyük müvəffəqiyyətlə nəticələndiyini və Böyük Britaniyada da sınaqdan keçirilməli olduğunu söyləmişdilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram