Tamara Mustafayeva, Banco.az
Yaponiya nüvə enerjisindən istifadəni artırmağı planlaşdırır.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Yaponiyanın baş naziri Kişida Fumio iyulun 14-də etdiyi açıqlamada aktiv reaktorların sayını 9-a çatdırmağı və elektrik enerjisinə olan tələbatın 10 faizini nüvə enerjisindən təmin etməyi hədəflədiklərini bildirib.
İstehlakın yüksək olduğu qış aylarında enerji təchizatı və tələbatında çətinliklər ola biləcəyinə diqqət çəkən Kişida, "Mümkün qədər tez bir zamanda çox sayda nüvə stansiyasını işə salmağı hədəfləyirik", deyə əlavə edib.
Nazirin bu bəyanatı hökumətin yay aylarında tədarük çatışmazlığı səbəbindən vətəndaşlardan elektrik enerjisinə qənaət etməyi xahiş etdiyi dövrə təsadüf edib.
Qeyd edək ki, məhdud sayda kömür yataqlarından başqa mədən ehtiyatlarına malik olmayan və böyük miqdarda xam neft, təbii qaz və kömür idxal edən Yaponiya beynəlxalq enerji qiymətlərindəki artımın təsirinə əsaslı şəkildə məruz qalır.
Bizi sosial şəbəkələrdən izləyin!!