Müəllif: Gülnar Əhmədli, Banco.az
2023-cü ilin birinci yarısında Şahdəniz üzrə fəaliyyətlərə təxminən 1 milyard 208 milyon dollar əməliyyat xərcləri və təxminən 408 milyon dollar əsaslı xərclər çəkilib. Bu xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.
Banco.az xəbər verir ki, bu barədə “BP Azərbaycan”ın cari ilin ikinci rübünə aid hesabatında qeyd edilib.
Məlumata görə, birinci yarımildə Şahdəniz yatağından Azərbaycan (Azərkontrakt ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam edib.
İlin ilk altı ayında yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 13 milyard standart kubmetr qaz və 2 milyon tondan çox (təqribən 18 milyon barel) kondensat hasil edilib.
Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 72,6 milyon (ildə təqribən 26,5 milyard) standart kubmetrdir.
Bizi sosial şəbəkələrdən izləyin!!