Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2014-cü ildə MDB məkanında ən aşağı inflyasiya səviyyələrindən birinin (3,8 faiz həcmində) Azərbaycanda olacağını proqnozlaşdırır.
Məlumata görə, bu barədə bankın yayılmış "AYİB-in əməliyyat apardığı ölkələrdə regional iqtisadi perspektivlər" adlı hesabatında deyilir. Sonuncu hesabat ötən ilin oktyabrında dərc edilmişdi.
AYİB-in gözləntilərinə görə, Azərbaycanın göstəricisindən aşağı səviyyədə (2,6 faiz) inflyasiya MDB ölkələrində yalnız Ukraynada olacaq.
Hesabata əsasən, 2014-cü ildə AYİB Ermənistanda 3,9 faiz, Tacikistanda 4,4 faiz, Moldovada 4,7 faiz, Qırğızıstanda 5,4 faiz, Rusiyada 5,6 faiz, Türkmənistanda 5,7 faiz, Qazaxıstanda 5,9 faiz, Özbəkistanda 14,5 faiz, Belarusda isə 11 faiz səviyyəsində inflyasiyanın olacağını proqnozlaşdırır. Bundan başqa, AYİB Gürcüstanda inflyasiyanın 4,1 faiz səviyyəsində olacağını gözləyir.
2013-cü ilin yekunları üzrə Azərbaycanda inflyasiya 2,4 faiz səviyyəsində olub.
milli.az