Bu il iqtisadi artımın 4,4 faiz təşkil etməsi proqnozlaşdırılır | Banco.az

Bu il iqtisadi artımın 4,4 faiz təşkil etməsi proqnozlaşdırılır

Cari ildə Azərbaycan iqtisadiyyatında artım davam edəcək, dövlətin strateji inkişaf proqramlarının həyata keçirilməsi iqtisadi artıma təsir edən mühüm amillərdən biri olacaq. İqtisadiyyatın şaxələnməsində qeyri-neft sektorunda investisiya fəallığı və ixrac potensialının reallaşdırılması mühüm rol oynayacaq.

Bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, 2015-ci ildə ölkənin xarici iqtisadi mövqeyi əlverişli qalacaq. Ölkə iqtisadiyyatının makroiqtisadi sabitliyi təmin edən yüksək maliyyə dayanıqlığı qorunacaq. Mövcud makroiqtisadi proqnozlar çərçivəsində tədiyyə balansının cari əməliyyatlar hesabının profisitli olması gözlənilir.

2015-ci ildə iqtisadi artımın 4,4 faiz təşkil etməsi proqnozlaşdırılır. İqtisadi artım əsasən qeyri-neft sektoru hesabına təmin ediləcək, qeyri-neft sektoru üzrə artım proqnozu 8,2 faiz təşkil edir.

İqtisadi artımda daxili tələbin rolu əhəmiyyətli səviyyədə qalacaq. Proqnozlara görə, 2015-ci ildə daxili investisiyalar 6,1 faiz, əhalinin pul xərcləri isə real olaraq 5,2 faiz artacaq.

azertag.com

Ən sərfəli kredit üçün müraciət et