Bu il hansısa bankın bağlanması gözlənilirmi? – AÇIQLAMA | Banco.az

Bu il hansısa bankın bağlanması gözlənilirmi? – AÇIQLAMA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

2023-cü ilin may ayında Azərbaycan Mərkəzi Bankı (AMB) “Günay Bank” ASC-ni, 18 oktyabr 2023-cü il tarixli qərarı ilə isə “Muğan Bank” ASC-nin lisenziyasını ləğv etdi.

Son günlərdə isə ölkədə hazırda fəaliyyət göstərən 23 bankdan daha ikisinin bağlanması barədə xəbərlər yayılmaqdadır.

Bu barədə iqtisadçı Xalid Kərimli Banco.az-a açıqlama verib. Ekspert bildirib ki, həmin adları hallanan bankların bağlanmasının bank sektoruna ciddi təsiri olmayacaq:

“Ümumiyyətlə, düşünmürəm ki, həmin bankların hər hansı bağlanmaq riski var. Bağlanma ehtimalı bütün banklar üçün var, amma güman etmirəm ki, 2024-cü ildə həmin banklarla əlaqədar problem ola bilər.

Hələ ki, “Muğan Bank” və “Günay Bank” ASC-nin bağlanması “həzm edilir”.  Problemlərin həlli bir qədər vaxt aparacaq. Hökümət istəyir ki, sabitlik dövründə vəziyyəti yaxşılaşdırıb, zəif bankları sıradan çıxarıb daha güclü bank sistemi ilə gələcəyə getsin.  Adı hallanan  zəif bankların da sıradan çıxarılması bank sisteminə ciddi problem yaratmayacaq. Amma bütün bunlar Mərkəzi Bankın səlahiyyətindədir.Qərarı sonda AMB verəcək”.

Bir neçə ay bundan əvvəl Azərbaycan Mərkəzi Bankının sədri (AMB) Taleh Kazımov jurnalistlərə açıqlamasında ölkədə ciddi problemi olan bankın olmadığını bildirib.  Mərkəzi Bankın sədrinin sözlərinə görə,  qeyri-adi nəsə baş verə bilsə də,  indiki vəziyyətə görə bankların vəziyyəti normaldır.

Mərkəzi Bankın sədri ilə keçirilən görüşdə iştirak edən iqtisadçı-ekspert Əkrəm Həsənov da Banco.az-a açıqlamasında təsdiq etdi ki, AMB –nin ötən ilin sonunda verdiyi açıqlamada belə bir ciddi problemin olmadığı deyilib.

“Sədr bildirib ki, onların hesabatlarına etibar etmək olar. Qeyd etdi ki, maliyyə sabitliyi baxımından problemli bank yoxdur. Yəqin ki, bir iki aya vəziyyət dəyişə bilməzdi də.  Adı hallanan bankların bağlanması ilə bağlı belə bir ehtimal görmürəm. Bu baş versə belə,  həmin iki bank elə də böyük bank sayılmadığı üçün bank sektoruna elə bir ciddi təsir olmayacaq”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram