Banco.az saytı Mərkəzi Bankın açıqladığı məlumatlara istinadən xəbər verir ki, banklar cari ilin yanvar-noyabr ayları ərzində 455 mln manat xalis mənfəət (vergi ödənilənədək) əldə etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 28% çoxdur.
Noyabrda bank gəlirlərinin əsasını təşkil edən faiz gəlirləri 2 mlrd manat, qeyri-faiz gəlirləri isə 424 mln manat olmuşdur ki, bu da 2013-cü ilin noyabr ayı ilə müqayisədə uyğun olaraq, 37% və 9% artım deməkdir. Bankların on bir ay ərzində faiz xərcləri 895 mln, qeyri-faiz xərcləri isə 785 mln manat təşkil etmişdir.
Nəzərinizə çatdıraq ki, cari ilin yanvar-noyabr ayları ərzində bankların xalis faiz mənfəəti 1.16 mlrd manat, xalis qeyri-faiz zərəri isə 361 mln manat olmuşdur.
Banklar bu il aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün ehtiyatların həcmini kəskin artırmışdılar. Belə ki, ötən ilin analoji dövrü ilə müqayisədə ehtiyatların həcmi 2.5 dəfə artaraq 351 mln manat təşkil etmişdir.