“Bu həyatda hər kəs çənəsindən nokaut zərbəsi alana qədər ideal plan qurur” | Banco.az

“Bu həyatda hər kəs çənəsindən nokaut zərbəsi alana qədər ideal plan qurur”

Unutmayın ki, cəsur insanlar da qorxur ancaq onları cəsur edən kifayət qədər güclü olan səbəbdir.

Yəqin ki, dünyaca məşhur Mayk Taysonu çoxunuz tanıyırsınız. Və ona nə üçün dəmir dediklərini anlamaq o qədər də çətin deyil. Mayk döyüşlərinin həddindən artıq tez bitməsiylə tanınırdı. Dəqiq desək, əksər döyüşü heç bir dəqiqə belə çəkmirdi. Peşəkar boksçular bu haldan açıq-aşkar qorxmağa başlamışdı. Bu insanlar həyatlarını boksa həsr edirdi. Gündə 8 saatdan çox məşq edirdilər. Onlar rinqə çıxan kimi nə illərin peşəkarlığı, nə də edilən məşqlərdən bir əsər-əlamət qalmırdı. Maykın çox gözəl bir sitatı var idi:

“Bu həyatda hər kəs çənəsindən nokaut zərbəsi alana qədər ideal plan qurur.”

Maykın nokaut zərbəsi bir çox boksçunun çempionluq və qələbə umidlərini məhv edirdi. Əlbəttə ki, gedişat hardasa dayanmalıydı. Əlbəttə ki, Maykı kimsə dayandırmalıydı.

Bu adam tapılır. O zamanlar çox az insanın tanıdığı Baster Duqlasla Mayk arasında döyüş planlaşdırılır. Hər iki idmançı döyüşlərə hazırlaşmağa başlayır. Basterin anası qohumlar arasında olarkən, “oğlum Mayk Taysonu yerə sərəcək” deyə danışır və bu Basteri çox narahat edirdi. Baster anasına “sən onun kim olduğunu bilmirsən, bilsən belə danışmazdın” deyir.

Məşq sezonu bitənə yaxın, Basterin ailəsində itki baş verir. O anasını itirir. Baster elə xəstəxanada olarkən, anasına söz verir.

Ən sərfəli kredit üçün müraciət et

“Nə olursa-olsun, məğlub olmayacağam” deyir.

Döyüş vaxtı gəlib çatır və hamı ehtimal edilən Maykın qələbəsini gözləyir. Elə ilk saniyələrdən hücuma keçən Mayk, Basteri ağır zərbəsiylə yerə sərir. Hamının və Maykın düşündüyünün əksinə, Baster ayağa qalxır.

Növbəti səkkiz raunda tab gətirən və Maykı yoran Baster onu nokaut edir. İzləyicilər və digər boksçular şokdadır.

Çünki dəmir Maykı nokaut etmək mümkündür. Baster bunu bacardı.

Bu döyüş Maykın karyerasında da dönüş nöqtəsinə çevrilir. Dəmir ləqəbi ona daha kömək etmir.

Bəli, dostlar, bir çoxumuzun xəyali “Mayk Taysonu” var və biz bu xəyali obrazdan qorxuruq. Həmin obraz bizim bütün fürsətlərimizin qarşısında dayanır. Həmin obraz bizi iri addımlardan və qələbələrdən çəkindirir.

Bizə sadəcə güclü bir səbəb lazımdır. “Niyə”ni tapan kimi “necə”si düzəlir fikrini hər zaman xatırlayın. “Görəsən necə alınacaq?” əvəzinə, “görəsən bunu nə üçün edirəm?” deyib döyüşə atılın.

Ramil Suleymanov

Ən sərfəli krediti almaq üçün müraciət et