Bu günün əməliyyatçısı – sabahın bankiri | Banco.az

Bu günün əməliyyatçısı – sabahın bankiri

Hər birimiz banka daxil olduqda müxtəlif iş masaları arxasında əyləşmiş sadə, lakin ciddi geyimli və xoş görünüşlü xanımları görürük. Əgər kredit mütəxəssislərini bir qayda olaraq oğlanlardan seçirlərsə, əməliyyatçılar adətən xanımlardan ibarət olur. Lakin istisnalar da mövcuddur. Amma yenə də əksər hallarda bu peşə xanımlar üçün daha münasib hesab edilir.

Bir əməliyyatçı xanım səbrli, lakin sürətli, analitik qabiliyyəti güclü, lakin həm də texniki vərdişləri tez mənimsəyərək, sürətli və mexaniki icra etmə qabiliyyətinə malik olmalıdır. Çünki əksər hallarda onların işi təkrarlanan və qısa müddətdə icra olunan tapşırıqlardan ibarət olur.

Bu cür rutin iş yaradıcı insanları tez yora və bezikdirə bilər.

Digər tərəfdən isə icra etməli olduğu işlər barəsində konkret təlimatlar üzrə hərəkət etməyi sevənlər bu sahədə uğur qazana bilər. Bir əməliyyatçıdan  çox nadir hallarda yeni nəsə icad etmək, kreativlik göstərmək və ya ideya tələb olunur. Onlar tapşırıqları öncədən müəyyən edilmiş təlimatlar əsasında, sürətlə və diqqətlə icra etməli, texniki və mexaniki səhvlərə yol verməməli, müştərilər ilə gülərüz olmalı və gün ərzində daha çox müştəriyə xidmət göstərməlidirlər.

Bir çox banklarda yeni qəbul edilən işçinin gələcəkdə hansı şöbədə çalışmaq istəyindən asılı olmayaraq, müəyyən müddət ərzində əməliyyatçı vəzifəsində çalışması və təcrübə toplaması labüd hesab olunur.

Həmçinin gələcəkdə maliyyə və mühasibatlıq sahəsi üzrə çalışmaq istəyənlər, ilk addım olaraq. əməliyyat şöbəsindən başlaya bilərlər.

Ola bilsin, bu sizin axtardığınız və arzusunda olduğunuz iş deyil, amma əməliyyatçı vəzifəsini uğurlu bir tramplin kimi istifadə edə bilərsiniz. O sizə irəliləmək üçün uğurlu təkan verəcək.

Əməliyyatçı vəzifəsinə təcrübəli işçinin götürdüyü işçiyə məhz öz bank proqramı əsasında işləməyi öyrədir, bu sahədə əməliyyatçılar öncə təcrübəli işçilər yanında çalışır, staj keçir və təcrübə qazandıqdan sonra artıq sərbəst işləmələrinə icazə verilir.

Bir əməliyyatçıya qarşı tələblər:

  • Ali təhsil (bank işi, maliyyə kredit, biznesin inkişafı və iqtisadiyyat)
  • Bank sahəsində iş təcrübəsi (bankdan asılı olaraq tələb edilməyə də bilər)
  • Kompüter bilikləri, ofis proqramları (sürətli və səhvsiz yazı vərdişləri)
  • Azərbaycan və rus dillərində səlis danışıq bacarığı
  • Analitik düşünmə və düzgün dəyərləndirmə qabiliyyəti
  • Ünsiyyət qurma bacarığı, işə qarşı məsuliyyətli münasibət
  • Xoş və münasib zahir görünüş

Bir əməliyyatçının gündəlik vəzifələri:

Ən sərfəli kredit üçün müraciət et

  • - Hüquqi və fiziki şəxslərə Bank hesablarının açılması;
  • - Depozitlərlə iş, depozitin qəbul edilməsi, əlavə yatırımların edilməsi;
  • - Depozit əsasında kredit verilişi, depozitin girova salınması, depozitin bankdan çıxarılması
  • - Təcili pul köçürmə sistemləri ilə iş;
  • - Ödəniş tapşırıqlarının icrası;
  • - Mobil və kommunal ödənişlər;
  • - Bank məhsulları və kampaniyaları haqqında müştərilərin məlumatlandırılması

İş rejimi:

Həftə içi, saat 09:00-dan 18:00- qədər

 Bəzən şənbə günləri də daxil olmaqla (əsasən bankın iş rejimindən asılı olur, saat 22:00-a qədər xidmət göstərən və ya 24/7 işləyən banklar da vardır, odur ki, oğlanların da əməliyyatçı kimi cəlb edilməsi istisna deyil).

Bankdan asılı olaraq, əməliyyatçının gördüyü vəzifələrin spesifik xüsusiyyətləri və çeşidləri fərqlənə bilər. Amma məhz onların belə rəngarəngliyi və bolluğu sizi bankın ümumi iş prinsipini anlamağa, bankın müştərilərə yanaşma tərzini və korporativ mədəniyyət tərzini dərk etməyə kömək edəcəkdir.

Öz karyerasını bank sahəsində qurmağı arzu edən xanımlara: Əməliyyatçı vəzifəsinin çətinliyindən və gərginliyindən çəkinməyin. Möhkəm biliklər və vərdişlər əsasında qurulmuş təməl üzərində karyera pilləkənləri ilə addımlamaq daha asandır.

Könül Soltanova/ Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et