Tamara Mustafayeva, Banco.az
Son dövrlərin populyar tətbiqi Clubhouse-un bu ilin yanvar və fevral aylarında xüsusilə daha çox insan tərəfindən endirilməsindən sonra ilk həmlə Instagram platformasından gəlmiş və audio söhbət otaqları yaratmaqla Clubhouse-a rəqib olduqlarını elan etmişdilər. İndi isə Spotify tərəfindən növbəti addım atılıb.
Banco.az xarici mətbuata istinadla bildirir ki, İsveçin tanınmış audio-striminq platforması Spotify bu gün "Locker Room" adlı canlı audio idman tətbiqinin sahibi olan Betty Labs şirkətini satın aldığını elan edib. Ancaq alqı-satqı prosesinin təfərrüatları ictimaiyyətə açıqlanmayıb.
Sözügedən satınalmadan sonra "Locker Room" müfəqqəti olaraq App Store-dan götürülüb, ancaq yaxın zamanda həm iOS, həm də Android sistemlərində fərqli adla və musiqi, mədəniyyət və idman kontentinə daha çox köklənərək yenidən əlavə ediləcək.
Spotify şirkətinin AR-GE rəsmisi Gustav Söderström açıqlamasında yeni tətbiqdə təkcə təsdiq edilmiş kontent yaradıcılarının deyil platformadakı hər kəsin söhbətə ev sahibliyi edə biləcəyini və bununla da hazırda bazarda mövcud olan Twitter Spaces, Clubhouse və Discord kimi müxtəlif audio söhbət tətbiqləri ilə birbaşa rəqabət apara biləcəklərini bildirib.
O, həmçinin qeyd edib ki, hər iki tətbiq ayrı-ayrılıqda fəaliyyət göstərsə də, bir-birlərini mükəmməl formada tamamlaya biləcəklər. Hətta bəlkə daha sonra bəzi funksiyalarını bir-birlərinə inteqrasiya etmə şansı yara bilər.
Söderström Spotify vasitəsilə müxtəlif pul qazanma yollarını da sınaqdan keçirəcəklərini vurğulayıb ki, bu da öz növbəsində bəzi söhbətlərin ödənişsiz, bəzilərinin isə ödənişli olacağına işarədir.
Bizi sosial şəbəkələrdən izləyin!!