BTC üzrə əməliyyat xərcləri kəskin artıb | Banco.az

BTC üzrə əməliyyat xərcləri kəskin artıb

Bu ilin I yarısında Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri üzrə əməliyyat xərclərinə təqribən 69 mln. ABŞ dollarından artıq sərf edilib ki, bu da illik müqayisədə 43,8% çoxdur.

BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2021-ci ilin I yarısının yekunlarına dair dərc etdiyi hesabata görə, əsaslı xərclərə isə təqribən 12 mln. dollardan artıq sərf edilib (14,3% azalma).

Hesabata əsasən, 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2021-ci ilin ikinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 488 mln. tondan artıq (3,66 mlrd. barel) xam neft nəql edilib və Ceyhanda 4 796 tankerə yüklənərək dünya bazarlarına göndərilib. Cari ilin I yarısında BTC vasitəsilə 13 mln. tondan artıq (-13,3%) xam neft və kondensat ixrac olunub və Ceyhanda 137 tankerə yüklənib (-5,5%).

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" (AÇG) nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

Qeyd edək ki, ötürmə qabiliyyəti gündə 1 mln. bareldir. BTC boru kəmərinin neftlə doldurulmasına 2005-ci il mayın 6-da başlanılıb və bu kəmərlə nəql edilmiş ixrac xam nefti yüklənmiş ilk tanker 2006-cı il iyunun 4-də yola salınıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, "BTC Co."nun səhmdarları sırasına isə BP (30,1%), AzBTC (25%), MOL (8,9%), "Equinor" (8,71%), TPAO (6,53%), "Eni" (5%), "Total" (5%), ITOCHU (3,4%), INPEX (2,5%), "ExxonMobil" (2,5%) və "ONGC (BTC) Limited" (2,36%) şirkətləri yer alıb. 

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et