Britaniya şirkəti Azərbaycanda qızıl hasilatını bu il 30% artıra bilər | Banco.az

Britaniya şirkəti Azərbaycanda qızıl hasilatını bu il 30% artıra bilər

Azərbaycanda fəaliyyət göstərən və qızıl, mis və gümüş istehsalı ilə məşğul olan "Anglo Asian Mining" PLC (AAM) şirkəti 2026-cı il üzrə qızıl hasilatı proqnozlarını açıqlayıb.

 AAM 2026-cı ildə qızıl istehsalının 28 min–33 min unsiya arasında olacağını gözləyir. Bu, 2025-ci ildə qeydə alınmış 25 min 61 unsiya hasilatla müqayisədə təxminən 30%-dək artım deməkdir.

    Şirkət eyni zamanda gümüş istehsalının 170 min–210 min unsiyaya yüksələcəyini proqnozlaşdırır. 2025-ci ildə gümüş hasilatı 153 min 333 unsiya təşkil edib.

    Mədən şirkəti 2026-cı ildə mis istehsalını isə 20 min–25 min ton səviyyəsinə çatdırmağı planlaşdırır. Bu, 2025-ci ilin hasilat göstəricisi (7 min 915 ton) ilə müqayisədə üç dəfə artım deməkdir. Şirkət bu artımı 2025-ci ildə istismara verilmiş Gilar və Dəmirli mədənlərinin töhfəsinin yüksəlməsi ilə əlaqələndirir.

    Xərc proqnozlarına görə, 2026-cı ildə qızılın hər unsiyası üzrə istehsal xərclərinin 1 500–1 800 ABŞ dolları, misin isə hər tonu üzrə 6 800–7 800 ABŞ dolları diapazonunda olacağı gözlənilir.

    Şirkətin baş icraçı direktoru Rza Vəziri bildirib ki, 2026-cı ildə mis əsas məhsula çevriləcək və Anglo Asian orta müddətli strategiyası çərçivəsində istehsalın genişləndirilməsini hədəfləyir.

    Xatırladaq ki, “Anglo Asian” 1997-ci il avqustun 21-də imzalanan hasilatın pay bölgüsü (PSA) tipli müqavilə çərçivəsində 6 yatağın işlənməsi fəaliyyətə başlayıb. Müqaviləyə əsasən, Azərbaycanın payı 51 %, “Anglo Asian Mining PLC” şirkətinin payı isə 49 % təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsində fəaliyyət göstərmək hüququna malikdir. Şirkət London Birjasında (AIM) listinqdədir və ölkənin ən iri qeyri-neft sənaye ixracatçılarından biridir.

    apa