Britaniya silah almaq üçün Ukraynaya 2,7 milyard dollar ayırıb | Banco.az

Britaniya silah almaq üçün Ukraynaya 2,7 milyard dollar ayırıb

Müəllif:Mehin Qasımova,Banco.az

Böyük Britaniyanın rəhbərlik etdiyi Ukrayna Beynəlxalq Fondu (IFU) vasitəsilə Ukraynaya silah alınması üçün 2 milyard funt sterlinqdən (təxminən 2,7 milyard dollar) artıq maliyyə ayrılıb.

Banco.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Məlumata görə, vəsait Ukrayna Silahlı Qüvvələrinin ən təcili ehtiyaclarını qarşılamaq üçün hərbi texnikanın tədarükünə yönəldiləcək. Nazirliyin açıqlamasına əsasən, fond vasitəsilə artıq Kiyevə 1000-dən çox hava hücumundan müdafiə sistemi, 600-dən çox pilotsuz uçuş aparatı, elektron döyüş sistemləri və hava hücumundan müdafiə radarları çatdırılıb. Növbəti həftələrdə daha çox hərbi texnikanın göndərilməsi planlaşdırılır.

Məsələ Londonda keçirilən Ramşteyn formatında Ukraynaya hərbi yardım üzrə təmas qrupunun 30-cu iclasında müzakirə olunub. Təmas qrupuna ümumilikdə 50 ölkə daxildir. Görüşdə Böyük Britaniya Müdafiə Nazirliyinin rəhbəri Con Healey, Almaniya müdafiə naziri Boris Pistorius, Ukraynanın baş naziri Denis Şmihal və NATO-nun baş katibi Mark Rutte iştirak edib.

Sentyabrın 10-da Londonda Böyük Britaniya, Almaniya, İtaliya, Polşa, Fransa və Ukrayna müdafiə nazirlərinin ayrıca görüşü keçiriləcək. Görüşdə Ukraynadakı müharibənin gedişi, Avropanın təhlükəsizlik gündəliyi, nüvə əməkdaşlığı və müdafiə sənayesinə sərmayə yatırımları müzakirə olunacaq.