Müəllif: Tamara Mustafayeva, Banco.az
Braziliya prezidenti Luiz İnasio Lula da Silva məktəblərdə mobil telefonların qadağan edilməsini təsdiqləyib.
Banco.az xəbər verir ki, Braziliya Prezidenti Luiz İnacio Lula da Silva Konqresdə qəbul edilən və ibtidai və orta məktəblərdə mobil telefon istifadəsini qadağan edən qanunu təsdiqləyib.
Qanunun qüvvəyə minməsi ilə mobil telefon istifadəsi həm dərslər zamanı, həm də tənəffüslərdə qadağan ediləcək.
Lula da Silva mövzu ilə bağlı açıqlamasında bu qanunun "tamamilə" zəruri olduğunu və digər ölkələrdə də oxşar tədbirlərin həyata keçirildiyini qeyd edib.
Vəzifəyə başladığı gündən keçirdikləri iclaslarda nazirləri və digər rəsmiləri mobil telefonlardan istifadə etməməyə çağırdığını bildirən Lula da Silva mobil telefonların diqqətin yayındırılmasına səbəb olduğunu vurğulayıb.
Yeni tənzimləməyə əsasən, məktəblərdə mobil telefonlardan yalnız pedaqoji məqsədlərlə və müəllimlərin nəzarəti altında istifadə oluna biləcək.
Lokomotiva İnstitutu və “QuestionPro”nun 2024-cü ilin oktyabr ayında keçirdiyi sorğuya görə, braziliyalı valideynlərin 82 faizi məktəblərdə mobil telefon qadağasını dəstəkləyir.
Xatırladaq ki, uşaqların və gənclərin sağlamlığına və təhsilinə mənfi təsirləri nəzərə alınaraq, Konqresdə keçirilən səsvermə nəticəsində ibtidai və orta məktəblərdə mobil telefon istifadəsinin qadağan edilməsinə dair tənzimləmə 20 dekabr 2024-cü ildə qəbul edilmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!