Müəllif:Ayşən İmanova/Banco.az
Böyük Britaniyanın iki ən böyük neft-qaz şirkəti - BP və “Shell” elektrik enerjisi sektorunda ciddi mövqelər tutmaq planlarından imtina etmək qərarına gəliblər.
Banco.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Qeyd olunur ki, bu addıma səbəb son illərdəki zəif nəticələr və bərpa olunan enerjiyə investisiyanın effektivliyinə dair geniş şübhələr olub.
Məlumata görə, son beş ildə şirkətlər bu məqsədlər üçün təxminən 18 milyard dollar xərcləyiblər.
Bir neçə il əvvəl “Shell” dünyanın ən böyük elektrik enerjisi şirkəti olmağı məqsəq qoymuşdu. Şirkət rəsmiləri 2030-cu ilə qədər elektrik enerjisi gəlirlərinin neft və qazdan əldə olunan gəlirlərə bərabər olacağını proqnozlaşdırırdı.
BP isə öz növbəsində, onilliyin sonuna kimi yaşıl enerjiyə xərcləri 10 dəfə artıraraq ildə 5 milyard dollara çatdırmağı və bərpa olunan enerji biznesini 20 dəfə genişləndirərək təxminən 50 GVt-a çatdırmağı vəd etmişdi.
Bununla belə, BP və “Shell” səhm qiymətlərinin bu il müvafiq olaraq 16% və 2%-dən çox düşməsi ilə öz strategiyalarını yenidən nəzərdən keçirmək və enerji sektoruna investisiyaları azaltmaq qərarına gəliblər.