BP-nin Azərbaycanda enerji layihələrinə qoyduğu sərmayələrin həcmi açıqlanıb | Banco.az

BP-nin Azərbaycanda enerji layihələrinə qoyduğu sərmayələrin həcmi açıqlanıb

Böyük Britaniyanın BP şirkəti öz tərəfdaşları ilə birlikdə Azərbaycanda icraçısı olduğu layihələrə 89 milyard dollardan çox sərmayə qoyub.

BP-dən  verilən məlumata görə, Azərbaycanda fəaliyyətə başladığı vaxtdan indiyədək BP özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 115 milyon ABŞ dollarından çox vəsait xərcləyib.

    Qeyd edək ki, BP bu gün Bakı Dövlət Universitetində (BDU) rəqəmsal şəkildə idarə olunan müasir kitabxananın yaradılmasını nəzərdə tutan sosial investisiya layihəsinin uğurla başa çatdığını elan edib.

    BDU-nun mövcud kitabxanasında təxminən 2,5 milyon nadir kitab, əlyazma və tarixi sənədlər saxlanılır. Yeni sistem müasir rəqəmsal arxivləşdirmə və inventar idarəetməsi təcrübələrini tətbiq etməklə bu dəyərli kitabxana fondunun qorunması və saxlanmasının təkmilləşdirilməsinə kömək edəcək.

    Onu da əlavə etmək lazımdır ki, bu gün BP və Bakı Dövlət Universiteti həmçinin potensial birgə layihələr üçün çərçivə müəyyən edən əməkdaşlıq sazişi imzaladılar. Sazişin imzalanmasında əsas məqsəd universitet ekosisteminin daha da gücləndirilməsi və biliklərin artırılmasına dəstək verməklə uzunmüddətli akademik inkişaf və innovasiyalar üçün şəraitin yaradılmasıdır.