Müəllif - Eldar Kərimov/Banco.az
BP Plc smazka və yağlayıcı maddələr istehsalı ilə məşğul olan Castrol bölməsinin satışını nəzərdən keçirir. Bloomberg-in məlumatına görə, bu biznesin dəyəri təxminən 10 milyard dollar ola bilər.
Məlumata əsasən, BP bu satışı digər mümkün variantlarla birlikdə araşdırır. Castrol-un satışı, BP-nin aktivlərinin bir hissəsinin ayrılmasını təklif edən hedge fondu Elliott Management tərəfindən irəli sürülən təkliflərdən biridir.
Bundan əvvəl məlum olub ki, Elliott BP-nin 3,7 milyard funt sterlinq (4,7 milyard dollar) dəyərində səhmlərini alıb və şirkətin xərclərini kəskin azaltmaqla yanaşı, bəzi aktivlərin satışını təşviq etməyi planlaşdırır.
BP, Castrol-un mümkün satışı barədə 26 fevralda keçiriləcək investor tədbirində rəsmi açıqlama verə bilər. Lakin mənbələr vurğulayır ki, bu bölmənin ayrılması ilə bağlı yekun qərar hələ qəbul edilməyib.
Castrol avtomobil, aviasiya, dəniz, dəmir yolu və sənaye sektoru üçün yüksək keyfiyyətli yağlar və texniki mayelər istehsal edir. Brend 150-dən çox ölkədə fəaliyyət göstərir.