BP Azərbaycanda növbəti nəsil mühəndislərin formalaşmasına fokuslanıb | Banco.az

BP Azərbaycanda növbəti nəsil mühəndislərin formalaşmasına fokuslanıb

Müəllif:Gülnar Əhmədli,Banco.az

BP Azərbaycanda növbəti nəsil mühəndislərin formalaşmasına fokuslanıb.

Banco.az xəbər verir ki, bunu BP-nin Transformasiya və texnologiyalar üzrə meneceri Marianna Kərimova "Dayanıqlılıq və Enerji Transformasiyası" mövzusunda keçirilən "Technovation" Forumunda bildirib.

O qeyd edib ki, təxminən 8 il əvvəl ilk dəniz dronumuzu istifadəyə verdik: 

"Bu gün həmin dron platformaların yoxlanışını və monitorinqini cəmi 45 dəqiqə ərzində həyata keçirə bilir.

Əvvəllər insanların gördüyü bu iş daha uzun vaxt aparırdı. Bu isə transformasiyanın ən yaxşı nümunələrindən biridir".

M. Kərimova bildirib ki, robotlar artıq təhlükəli zonalara daxil olmağa hazırlaşır:

"Bu onun üçün edilir ki, insanlar orada olmaq məcburiyyətində qalmasınlar. Bundan əlavə, rəqəmsal əkizlər (Digital Twins) texnologiyasından istifadə edirik. Dəniz platformalarının rəqəmsal modelləri yaradılıb və mühəndislər Bakıdakı ofisdən və ya istənilən başqa məkandan sistemləri izləyə və idarə edə bilirlər. Burada dəqiqlik millimetr səviyyəsindədir. Bu da qəbul etdiyimiz qərarların keyfiyyətinə ciddi müsbət təsir göstərir".

"Lakin transformasiya yalnız texnologiya deyil. Əslində transformasiyanın mərkəzində insan kapitalı dayanır. Bizim çox güclü texniki mütəxəssislərimiz və mühəndislərimiz var. Qarşıdakı əsas vəzifə növbəti nəsil mühəndislərin yalnız dünya səviyyəli texnologiyalardan istifadə etməsi deyil, həm də həmin texnologiyaların yaradılmasında iştirak etməsidir. Bu istiqamətdə beynəlxalq tərəfdaşlarla əməkdaşlıq davam edir və müxtəlif sahələr üzrə birgə proqramlar həyata keçirilir. Mən hesab edirəm ki, növbəti inkişaf mərhələsində insan kapitalı Azərbaycanın iqtisadi transformasiyasının əsas hərəkətverici qüvvəsi olacaq", - M. Kərimova əlavə edib.