Müəllif:Mehin Qasımova,Banco.az
Böyük Britaniyanın viza sistemində mühüm dəyişiklik başlayır.
Banco.az xəbər verir ki, Böyük Britaniya Vizaları və İmmiqrasiya Xidməti elektron vizaların mərhələli tətbiqinə start verdiyini açıqlayıb.
Bildirilir ki, Böyük Britaniya vizası üçün müraciət edən şəxslər 25 fevral 2026-cı ildən etibarən bu rəqəmsal sistemdən yararlana biləcəklər.
Yeni elektron viza (eVisa) sistemi pasportlarda yerləşdirilən ənənəvi vizanı əvəz edəcək. Bununla da müraciət edən şəxslərin viza prosesində pasportlarını uzun müddətlik təhvil verməsinə ehtiyac qalmayacaq.
Yeni qaydalara əsasən, müraciət edənlər şəxsiyyətlərini təsdiqləmək və tələb olunan sənədləri təqdim etmək üçün viza müraciəti mərkəzinə yalnız bir dəfə getməli olacaqlar. Bu isə beynəlxalq səfər planlaşdıranlar üçün prosesi daha rahat və çevik edəcək.
Eyni zamanda, elektron viza sistemi müraciət edənlərə yaşadıqları ölkədən müraciət etməklə dünyanın istənilən yerindən Böyük Britaniyaya səyahət etmək imkanı yaradacaq. Yeni texnoloji yanaşma daxili və ya beynəlxalq kuryer vasitəsilə sənədlərin göndərilməsi və gözləmə müddətini də aradan qaldıracaq.
Rəsmilərin məlumatına görə, artıq 10 milyondan çox insan biometrik yaşayış icazələri və pasportlardakı vizanı əvəz edən elektron vizalardan istifadə edir. Bildirilir ki, sistemin tətbiqi son mərhələdədir və yaxın zamanda elektron vizalar Böyük Britaniyaya immiqrasiya üçün əsas status sənədinə çevriləcək.
