Müəllif:Mehin Qasımova,Banco.az
Böyük Britaniya Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərini gücləndirərək sanksiya siyahısını genişləndirib.
Banco.az xəbər verir ki, rəsmi məlumatlara görə, yeni qərarla siyahıya 85 fiziki və hüquqi şəxs əlavə edilib.
Britaniya hökumətinin açıqlamasında sanksiyaların müxtəlif sahələrdə fəaliyyət göstərən şəxsləri əhatə etdiyi bildirilir.
Sanksiyalar yalnız fərdlərlə məhdudlaşmayıb. Siyahıya internet sahəsində fəaliyyət göstərən müxtəlif beyin mərkəzləri və qurumlar da daxil olmaqla bir çox təşkilat əlavə edilib.
London hökuməti bu tədbirləri Rusiyanın informasiya siyasəti, xüsusən də informasiya müharibəsi kampaniyaları ilə əlaqələndirir. Bəyanatda Ukrayna ilə bağlı məsələlərə, xüsusən də uşaqların məcburi daşınması iddialarına da toxunulur.
Buna cavab olaraq Rusiya tərəfi bu ittihamları rədd edir. Moskva rəsmilərinin sözlərinə görə, uşaqlar Ukraynadan təhlükəsizlik səbəbi ilə təxliyə edilib. Kreml nümayəndələri Qərb ölkələrinin bu cür açıqlamalarını siyasi motivli hesab edirlər.
Ekspertlərin fikrincə, yeni sanksiyalar beynəlxalq münasibətlərdə gərginliyi daha da artıra bilər. Eyni zamanda, bu qərar geosiyasi rəqabətin yeni bir mərhələyə qədəm qoyduğunun göstəricisi kimi qəbul edilir.
