"Borclu vəfat etsə belə, zamin məsuliyyətdən azad olunmur" | Banco.az

"Borclu vəfat etsə belə, zamin məsuliyyətdən azad olunmur"

Müəllif: Gülnar Əhmədli, Banco.az

"İstər-istəməz hər bir kredit götürən şəxsin obyektiv və subyektiv səbəblərdən qısa və uzun müddətli gecikmələri olur. Belə vəziyyətdə isə bank müştəriyə xəbərdarlıq etməklə yanaşı, müəyyən addımlar da atır. Və hətta gecikməyə görə hüquqi və fiziki şəxsin, eləcə də zaminin bank hesabına blok qoyur".

Bunu Banco.az-a açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov bildirib.

Onun sözlərinə görə, vətəndaş kredit borcuna görə, o vaxt inzibati və ya cinayət məsuliyyətinə cəlb oluna bilər ki, bank və ya bank olmayan kredit təşkilatından kredit götürən şəxs kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə uyğun olaraq, kredit borcunu banka qərəzli şəkildə ödəmir və kredit təşkilatı problemli kredit kimi qeydə almalı, yaranmış problemi təhlil etməli və ödənişə nail olmalıdır:
"Vəfat edən şəxsin kredit borcu mövcud olduqda, bank da borcun ödənilməsi üçün tədbir görür. Lakin, əgər vərəsələr mirası qəbul etmirsə və şəxsin əmlakı mövcud deyilsə, borc bank tərəfindən silinə bilər. Borclu vəfat etdikdə onun krediti, bank qarşısında daşıdığı öhdəlikləri və digər borcları avtomatik olaraq silinmir.

Mülki Məcəllənin 470, 472, 1146, 1255 və 1306-cı maddələrinə əsasən, borclunun ölümündən sonra yaranan borc məsuliyyəti birbaşa vərəsəlik münasibətləri ilə əlaqələndirilir.

Qanunvericilik miras sahiblərinin və kreditorun (bankın) hüquqlarını balanslaşdırmaq üçün konkret öhdəlik bölgüsü müəyyən edir".

F. Əkbərov qeyd edib ki, vərəsələrin məsuliyyətini Konstitusiya Məhkəməsinin Plenumu 2018-ci il tarixli qərarında bu məsələni belə şərh edir: "Mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində mərhumun kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Yəni, vərəsə mirası qəbul edibsə, miras payı qədər borca cavabdeh sayılır. Əgər vərəsə mirası qəbul etməyibsə, borca görə məsuliyyət daşımır. Yəni, borclu vəfat etsə belə, zaminin öhdəliyi avtomatik olaraq xitam verilmir. Zamin kreditor qarşısında tam məsuliyyət daşıyır.
Zaminin cavabdehlik həcmi vərəsənin mirası çatan payı ilə məhdudlaşmır. Zamin öhdəliyi müqavilədə necə qeyd olunubsa, həmin qaydada davam edir".

"Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470-ci maddəsində zaminlik ilə bağlı göstərilmişdir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yarana biləcək öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır.

Mülki Məcəllənin 472.2 maddəsində göstərilib ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır", - deyə hüquqşünas əlavə edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram