Böhran vaxtı borcu necə ödəməli? | Banco.az

Böhran vaxtı borcu necə ödəməli?

Fevral ayında baş vermiş devalvasiya çoxlarının kredit yükünü artırdı, xüsusən də dollar ilə kredit öhdəliyi olan əhalinin.  Amma vəziyyətin mənfi təsiri bununla yekunlaşmır, məhz bu devalvasiyanın yaratdığı böhran getdikcə gəlirlərin azalmasına, insanlar işsiz qalmasına, yeni ixtisarlar dalğasına doğru irəliləyir.

Məsələn iqtisadçı ekspert Samir Əliyev bildirir ki, hazırda Bank sektoru təhlükə qarşısındadır, problemli kreditlərin həcmi kritik həddə çatıb:

“Mərkəzi Bank mart ayının məlumatlarını açıqladı. Mənzərə vəziyyətin getdikcə qəlizləşdiyini göstərir. Bank sektoru özünün ağır dövrünə qədəm qoyub. Mərkəzi Bankın hesabatına görə, problemli kreditlərin həcmi 1,2 milyard manata çatıb. 2015-ci ilin 3 ayı ərzində belə kreditlər 24% artıb. Halbuki kredit qoyuluşunun artımı daha az - 11% olub. Rəsmi məlumatlara görə, vaxtı keçmiş kreditlərin payı 5,9%-ə yüksəlib ki, bu da son 2 ildə ən yüksək göstəricidir”

O, həmçinin hesab edir ki, geri qayıtmayan kreditlərin həcmi rəsmi məlumatlardan dəfələrlə çoxdur.

Əhalinin Konstitusiya Məhkəməsinin onların xeyrinə qərar çıxaracağını gözləməsi də vəziyyətin xeyrinə olmayan nüans idi. Çünki məhz bu səbəbdən ödənişi dayandıran əhali və sahibkarlar qrupu var idi. Amma qərar sadəcə mövcud duruma aydınlıq gətirdi, lakin bankların xeyrinə oldu.

Ən sərfəli kredit üçün müraciət et

Kredit ödənişlərindəki gecikmələr sizin kredit tarixçənizdə mənfi cəhətdən əks olunur, bu isə gələcəkdə yeni borc almaq istəyərkən sizin üçün bir əngələ çevrilə bilər. Həm də gecikmələr cərimələr və əlavə xərc deməkdir, manatın qiyməti ucuzlaşmaqda davam etdiyi halda isə bu yükün daha da artacağı anlamına gəlir.

Hüquqşünas ekspert Əkrəm Həsənov tövsiyə edir ki, banklara dollar krediti olanlar Konstitusiya Məhkəməsinin  Qərarının 6-cı bəndinə əsaslanaraq hərəkət etsinlər. Həmin qərarda deyilir:

“Əhalinin maraqlarını nəzərə alaraq, xarici valyutada verilmiş kreditlər üzrə kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması və digər güzəştli şərtlərin tətbiqi üzrə tədbirlərin bankların maliyyə imkanlarından asılı olaraq həyata keçirilməsi məqsədə müvafiq hesab edilsin”.

Ekspert vurğulayır ki, Konstitusiyanın 130-cu maddəsinin IX hissəsinə əsasən KM-in qərarı Azərbaycan ərazisində məcburi qüvvəyə malikdir. Bu isə sözügedən 6-cı bəndin məcburi qüvvəsi malik olması anlamına gəlir. Bu bənd borclulara banklardan əhəmiyyətli güzəşt tələb etmək hüququ verir. Banklar da güzəştə getməlidir.

Bu halda müştərilər banklara ərizə ilə müraciət etməli, onların ödəmə qabiliyyətinə müvafiq olaraq, kreditin yenidən strukturlaşdırılmasını, ödəniş cədvəlinin dəyişməsini, faizlərdə güzəşt edilməsini tələb etsinlər. Amma müraciətin daha tez təmin olunması üçün edilən tələbin də ağlabatan olması yaxşı olardı.