Böhran bankirlərimizin cibinə necə təsir edəcək? | Banco.az

Böhran bankirlərimizin cibinə necə təsir edəcək?

Bank əməkdaşları nə qədər qazanır?

Dövlət statistika komitəsinin verdiyi məlumata əsasən, maliyyə, bank və sığorta sahəsində çalışanların əməkhaqqısı təxminən 1100-1200 AZN arasında dəyişir. Bu isə Azərbaycanda orta aylıq nominal əməkhaqqıdan 454,8 AZN – bir neçə dəfə çoxdur.

Bir müddət öncə isə banklardan birinin “Personal assistant to CEO” - Baş icraçı direktorun şəxsi köməkçisi vəzifəsinə 2000-2500 AZN civarında əməkhaqqı təklif edildiyinin də şahidi olmuşduq. Lakin heç də bütün vəzifələr eyni dərəcədə mükafatlandırılmır. Əməliyyat, maliyyə şöbəsində əməkhaqqılar (3 aylıq ödənişsiz təcrübə müddətindən sonra) 450-500 AZN-lə başlaya bilər.

Ümumilikdə isə ölkə əhalisinin cəmi 2-3%-i bank-maliyyə sektorunda çalışır. 2013-cü ildə bu rəqəm 1,9%, 28,4 min nəfər olub.

Ötən ildən fərqli olaraq, bu il sözü gedən göstəriclərdə artım gözləməyə dəyməz. Belə ki, bankların 2015-ci ilin əvvəlindən üzləşdikləri çətinliklər göz qabağındadır.

Iqtisadçı ekspert Samir Əliyev

Banklarda mümkün ixtisarlara dair

“Hazırkı vəziyyətdə bir sıra banklar xərclərin azaldılması siyasətini yürütməyə başlayıb. Artıq bank sektorunda müəyyən ixtisarlar və filialların bağlanması halları var. Ancaq hələki kütləvi hal almayıb. Fikrimcə, yaxın zamanlarda ixtisarlar kütləvi hal alacaq.”

Bank sistemindəki əməkhaqqıların özünü doğrultmasına dair

“Bank sektoru həmişə yüksək məvacib verən sahələrdən olub. Bankirlərin orta aylıq qazancları ölkə üzrə orta aylıq əmək haqqından ən azı 50% çoxdur. Elə banklar var ki, 2-3 dəfə çoxdur. Rəhbər vəzifəsində çalışanların maaşları isə daha yüksəkdir. Əslində bütün dünyada bank sektorunda maaşlar ən yüksək hesab olunur. Bank sektorunda maaşların yüksək olması orda çalışan işçilərin sosial vəziyyətinin yaxşılaşdırılması baxımından müsbətdir. Ancaq nəzərə almaq lazımdır ki, bank işçilərinin maaşları bankların xərclərinə daxil edilir və bu xərclər də öz növbəsində kreditin üzərinə əlavə edilir. Nəticədə faizlər artır.”

Hüquqşünas ekspert Əkrəm Həsənov

Banklarda mümkün ixtisarlara dair

"Məndə olan məlumata görə, nəinki banklarda, həmçinin onlara bağlı olan sığorta şirkətlərində də ixtisarlar gedir. Bu da təbiidir: bankların iş həcmi azalır, gəlirləri azalır və s."

Əməkhaqqıların şişirdilməsinə dair

Ən sərfəli kredit üçün müraciət et

"Bank menecerlərinin əməkhaqqısı şişirdilib əlbəttə. Banklarımızın çoxu sabun köpüyü olduğu kimi rəhbərlərinin əməkhaqqlarının da çoxu sabun köpüyüdür. Bir bankdan digərinə keçə-keçə yüksək səviyyəli peşəkar imici yaradıblar, amma reallıqda gördükləri işin nəticəsi yoxdur.

Ümumiyyətlə, banklarımızın əsas problemi elə kadr problemidir. Ölkədə yüksək səviyyəli bank menecerlərinin sayı çox azdır.”

Sığorta sahəsi üzrə ekspert, Xəyal Məmmədxanlı

"Bank sektorunda maaşlar çoxdur, eyni zamanda lüzumsuz işçilər də çoxdur. Amma təəssüf ki, banklar öz xərclərini azaltmaq yerinə müştərilərin xərcini artırmaq istəyirlər.  Ən azı Beynəlxalq Bankdakı problemlər qədər digər banklarda da problemlər var."

Haşiyə: Xəyal Məmmədxanlı mövcud durumu kiçik bir lətifə ilə anlatmağa çalışır

“ Bir torpaq sahəsi olur. Ora gözətçi götürürlər işə.  Sonra fikirləşirlər ki, bəs buna maaşı kim verəcək? Mühasib götürürlər işə. Sonra mühasibə nəzarət üçün baş mühasib. Sonra Audit. Sonra müdür. Bir gün böhran olur. Oturub deyirlər ki, işçiləri ixtisar etmək lazımdır. Gözətçini işdən çıxarırlar

Bizdə də sistem belə işləyir”

Iqtisadçı ekspert Rəşad Həsənov

Bank sektorunda yüksək əməkhaqqılara dair

"Son dövrlərdə bank sektorunda əməkhaqqı və digər gəlirlər (komisyonlar) digər sahələrlə müqayisədə yüksək idi. Lakin, mən bunu bank sektorunda şişirdilmiş əməkhaqqları kimi deyil, digər sektorlarda daha az və əksər hallarda daha ədalətsiz maaş təklifi ilə əsaslandırardım.

Bank sektorunda maxinasiya, pozuntu, vəsaitlərin sui istifadəsi imkanları daha genişdir Məhz buna görə də dünyanın digər ölkələrində də bu sahədə işçilərə daha yaksək gəlir vəd olunur ki, işşi alternativ mənbələr ( qeyri-qanuni) axtarmasın.

Həqiqətən də bank sektoru ağır zəhmət tələb edən sahədir. Xüsusi ilə də Azərbaycan kimi ölkələrdə risk kifayət qədər yüksək, qiymətləndirmə prosesi ağır, ierarxik münasibətlərdə təzyuq kimi səbəblər iş yükünü və məhsulliyyəti çətinləşdirir."

Yekun 

Ekspertlər hesab edir ki, ötən illə müqaysədə maaşların ciddi azalması hələ ki, müşahidə olunmur. Lakin kredit müqavilələrin sayı azaldığı üçün bank əməkdaşlarının qazandıqları bonusların sayı da azalıb  Banklarda ixtisarlar getsə,  xərclərin optimalaşdırılmasına keçid tam baş verməyib. Lakin tendensiya həm maaşların, həm də iş yerlərinin sayının azalacağını deyir. 

 

Ən sərfəli krediti almaq üçün müraciət et